Neolit dövrünün ən mühüm yaşayış məntəqələrindən biri sayılan Şanlıurfa bölgəsindəki Karahantepedə ilk dəfə olaraq insan üzü təsvir edilmiş T formalı dik dayaq daşı tapılıb.
Sherg.az xəbər verir ki, Şanlıurfadakı Tek Tek Dağları Milli Parkı ərazisində yerləşən Karahantepe qazıntılarında mühüm bir tapıntıya rast gəlinib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, bölgədə aparılan qazıntılar zamanı ilk dəfə olaraq insan üzü işlənmiş T formalı bir dikilitaşın üzə çıxarıldığını açıqlayıb.
Nazir sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
“Əvvəlki nümunələrdə insanı simvolizə etdiyi düşünülən bu dikilitaşlar, bu kəşflə birlikdə daha dərin bir məna qazandı.”
İnsanlıq tarixinə işıq tutacaq
Karahantepedə aşkar edilən bu insan üzü işlənmiş T formalı dikilitaş, Neolit dövrü insanının özünü daş üzərinə həkk etdiyi ilk nümunə kimi insanlıq tarixinə işıq tutur.

Ersoy qeyd edib:
“Kəskin üz cizgiləri, dərin göz çuxurları və müəyyən burnu ilə bu üz, 12 min il əvvəldən bu günə uzanan bir baxışı daşıyır.”
Nazir vurğulayıb ki, Anadolu torpaqlarında tapılan hər yeni arxeoloji iz, ortaq keçmişimizi daha da görünən edir, və bu mirasın qorunması, anlaşılması və dünyaya tanıdılması istiqamətində işlər davam edir.
Nazirliyin açıqlamasına əsasən, “Taş Tepeler” layihəsi çərçivəsində 2025-ci il qazıntı mövsümü 10 fərqli ərazidə davam edir.
Göbəkli Təpə və ətrafında tapılan T formalı daşların üzərindəki əl və qol relyefləri, uzun müddətdir bu daşların insanı simvolizə etdiyini göstərirdi.
Karahantepedə indi tapılan bu yeni nümunə isə ilk dəfə T formalı daş üzərində birbaşa insan üzü təsvirinin işlənməsi ilə Neolit araşdırmalarında yeni bir mərhələ açır.

Dikilitaşın yuxarı hissəsindəki üz relyefi - kəskin cizgiləri, dərin göz oyuqları və küt burun forması ilə - Karahantepedə daha əvvəl tapılan insan heykəlləri ilə oxşar üsluba malikdir.
Bu tapıntı yalnız Neolit dövrü insanının texniki ustalığını deyil, həm də özünüifadə və abstrakt düşünmə qabiliyyətini nümayiş etdirir.
T formalı dikilitaşların uzun müddətdir memarlıq funksiyasından əlavə simvolik mənası olduğu düşünülürdü. Lakin bu kəşf göstərdi ki, bu daşlar sadəcə insanı simvolizə etmir - ilk dəfə insanın öz üz cizgilərini birbaşa əks etdirir.

Təxminən 12 min il əvvələ aid “Taş Tepeler” layihəsi, insanlığın köçəri həyatdan məskun həyata keçidi və inanc dünyasının təkamülünü sənədləşdirən ən genişmiqyaslı arxeoloji layihələrdən biridir.
Anadolunun cənub-şərqində aparılan bu qazıntılar, insan tarixinin ən qədim dövrlərinə dair yeni bilgilər təqdim etməkdə davam edir.