AZ

Bakıda uşaq bağçası ilə bağlı ŞOK İDDİALAR - ARAŞDIRILMA BAŞLADI

Xətai rayonu, 207 saylı dövlət uşaq bağçasında qanunsuzluq olduğu iddia edilir.

Bu barədə valideynlərdən biri BAKU.WS-ə şikayətlə müraciət edib.

Bağçanın direktoru dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırdığı iddia olunur. Nəticədə, dövlət bağçasında tərbiyə alan uşaqlara zəif və qeyri-kafi qidalar verilir.

Şikayətdə o da bildirilir ki, valideynlərdən mütəmadi olaraq dəftərxana ləvazimatları (rəngli qələm, kağız, salfetka və s.) gətirmələri tələb olunur. Bundan əlavə, hər uşaq üçün 20 manat "fond pulu" yığılır və bu vəsaitin hansı məqsədlə toplandığı barədə məlumat verilmir.

Məsələ ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil idarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı qurum tərəfindən araşdırma aparılır.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

Seçilən
9
2
far.az

3Mənbələr