AZ

Çexiya prezidenti Ukraynaya sursat yardımının dayandırılmaması çağırışı ilə çıxış edib

Petr Pavel: Dəstəyin kəsilməsi ilk növbədə bizə zərər verər...

Poliqon xəbər verir ki, Çexiya prezidenti Petr Pavel Ukraynaya sursat və hərbi yardım proqramının davam etdirilməsinin vacibliyini vurğulayıb. Pavel Reuters Agentliyinə açıqlamasında deyib ki, yardımın dayandırılması təkcə Ukraynanın müdafiə qabiliyyətini zəiflətməyəcək, həm də Çexiyanın öz təhlükəsizliyinə mənfi təsir göstərəcək.

Prezidentin bəyanatı keçmiş baş nazir Andrey Babişin rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəlməsindən sonra səsləndirilib. Babişin partiyası daha əvvəl Ukraynaya sursat tədarükünün dayandırılacağını bildirmişdi. Petr Pavel isə xəbərdarlıq edib ki, belə bir qərar həm regional sabitliyə, həm də Çexiyanın beynəlxalq nüfuzuna zərbə ola bilər.

“Əgər biz bu dəstəyi azaltsaq və ya tamamilə dayandırsak, bundan ilk növbədə özümüz zərər görəcəyik. Ukrayna indi bizim ümumi təhlükəsizliyimiz üçün döyüşür,” – deyə prezident bildirib. O, bütün siyasi qüvvələri məsuliyyətli mövqe tutmağa, Ukraynaya və Çexiyaya zərər vuracaq populist qərarlardan çəkinməyə çağırıb.

Ekspertlərin fikrincə, Pavelin bu bəyanatı həm Avropa İttifaqı daxilindəki Ukrayna dəstəyinə yönəlik gərgin müzakirələrə cavabdır, həm də Çexiyanın NATO öhdəliklərinə sadiqliyinin göstəricisidir.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr