AZ

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

“AZCON Holding”in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) struktur bölməsi olan Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə cari ilin ilk 9 ayı ərzində 6 milyon 108 min ton yük aşırılıb.

ADY-dən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox və son 22 il ərzində əldə olunan ən yüksək nəticədir.

Hesabat dövründə ən böyük artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, bu ilin 9 ayı ərzində 77 min 295 TEU konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 40,4 faiz artım deməkdir. Bununla yanaşı, quru yüklərin aşırılmasında 36,7 faiz, təkərli texnikaların aşırılmasında isə 1,3 faiz artım müşahidə olunub.

Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarındakı rolunun möhkəmlənməsi, tərəfdaşlarla həyata keçirilən effektiv əməkdaşlıq və yeni logistik təşəbbüslər sayəsində bu pozitiv dinamikanın davam edəcəyi və ilin sonuna göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.

MənbəAZƏRTAC
Seçilən
7
22
banker.az

10Mənbələr