AZ

75 yaşlı müğənni Tiflisdə 100 min adamı ayağa qaldırdı... Seçkiyə cəmi 31 faiz seçici gəlib...


Gürcüstanda bələdiyyə seçkiləri, gözlənildiyi kimi, dövlət çevrilişinə cəhdlə nəticələnib. Bunu respublika hökuməti bəyan edib. Şahidlərin bildirdiyinə görə, Tiflisin mərkəzində azı 100 min insan toplaşıb, bəzi etirazçılar prezident iqamətgahını ələ keçirməyə cəhd ediblər. Hakim “Gürcü arzusu” partiyası isə bunlar fonunda səsvermənin nəticələrini xalqın dəstəyinin sübutu kimi şərh edir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikada keçirilən bələdiyyə seçkiləri hakim “Gürcü arzusu” partiyasının " parlaq qələbəsi" ilə nəticələnib. Onun nümayəndələri hər bölgədə qalib gəliblər. Konkret olaraq, Kaxa Kaladze 71,58% səslə yenidən Tiflisin meri seçilib. Seçicilərin ümumilikdə 81%-i hakim partiyaya səs verib. Ümumən isə seçkilərdə seçicilərin 40,93%-i iştirak edib. Seçici fəallığı ən aşağı Tiflisdə (31,8%), ən yüksək göstərici isə Samtsxe-Cavaxetiyada (56,15%) olub. Müqayisə üçün qeyd edək ki, 2021-ci il bələdiyyə seçkilərində seçicilərin 51,92%-i, 2024-cü il parlament seçkilərində isə 58,94%-i iştirak edib. Lakin Gürcüstan üçün əsas hadisə bələdiyyə seçkiləri deyil, seçki məntəqələri bağlandıqdan sonra Tiflisin mərkəzində baş verən erirazlar oldu. Konkret olaraq, bir qrup etirazçı prezident iqamətgahını ələ keçirməyə cəhd edib, lakin hökumət qüvvələri tərəfindən bunun qarşısı alınıb. Etirazçılar Azadlıq Meydanına toplaşsalar da sonradan prezident sarayına daxil olmağa çalışıblar. Prezident iqamətgahı qarşısında xüsusi təyinatlı qüvvələrlə etirazçılar arasında toqquşma yaşanıb. Etirazçıların bir qismi prezident ofisinə daxil ola bilib. Etirazlara “Rustaveli Prospekti” hərəkatının rəhbəri, 75 yaşlı opera müğənnisi Paata Burçuladze rəhbərlik edir. “Exo Kavkaza” saytı onun da prezident ofisinə daxil olmağa çalışdığını yazıb. Prezident iqamətgahına yürüşdən öncə Burçuladze etirazçıların bəyanatını oxuyub. Bəyanatda deyilir ki, hazırkı hakimiyyət legitimliyini itirib, ona görə də onun səlahiyyətləri dayandırılıb. Bundan başqa etirazçılar dinc keçid dövrünün elan edilməsini tələb ediblər. Özünü Gürcüstanın legitim prezidenti adlandıran Salome Zurabişvili etirazçıların prezident iqamətgahına hücumuna qarşı çıxıb. Ölkənin baş naziri İrakli Kobaxidze isə hakim partiyanın seçkilərdə üstünlük qazandığını açıqlayıb. O, hazırkı etirazların çox zəif göründüyünü bildirib. Həm də “Gürcü arzusu” partiyasının sədri olan Kobaxidze deyib ki, hakimiyyətin devrilməsi cəhdi baş tutmadı və bu aksiyada iştirak edənlərin hamısı ciddi şəkildə cəzalandırılacaq. Rəsmi məlumatlara görə, küçə döyüşləri zamanı 6 etirazçı və 21 polis yaralanıb. Təhlükəsizlik qüvvələri oktyabrın 4-də keçirilən aksiyanın bütün təşkilatçılarını saxlayıb. Onların arasında Vahid Milli Hərəkatın üzvləri İrakli Nadiradze və Murtaz Zodelava, Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Laşa Beridze, “Strategiya Ağmaşenebeli” partiyasının baş katibi Paata Mancqaladze də olub. Onları “qrup zorakılığı təşkil etmək” ittihamı ilə 9 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili hadisələrdə hər hansı əli olduğunu inkar edir. Əksər müxalifət partiyalarından fərqli olaraq bələdiyyə seçkilərində iştirak edən “Lelo” və “Gürcüstan naminə Qaxariya” partiyalarının nümayəndələri də eyni şeyi ediblər. Onlar iddia ediblər ki, iğtişaşlar etirazları nüfuzdan salıb. Bu arada hökumətyönlü “İmedi” telekanalı Burçuladzenin tərəfdaşlarından biri ilə iğtişaşlara hazırlaşmağı müzakirə etdiyi audio yazı dərc edib. Məsələn, danışırdılar ki, necə qan tökülməlidir, bundan sonra onlara görə, çevrilişin qarşısı alınmaz olacaq. Kanal səs yazısının orijinal olduğunu iddia etmir. Bundan əlavə, müşahidəçilər həmsöhbətlərin dilinin hətta qeyri-rəsmi söhbət üçün də həddən artıq kobud olduğunu, cavablarının çox vaxt uyğunsuz olduğunu və intonasiyalarının yersiz olduğunu qeyd edirlər. Digər məqam isə odur ki, hakimiyyət bu səs yazısını hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı araşdırmaları üçün vacib hesab edib. Gürcüstanda keçirilən etiraz aksiyalarının xüsusiyyətləri Moldova prezidenti Maya Sanduni da narahat edib. Sandu yazıb: “Mənim fikirlərim öz azadlığını və Avropa gələcəyini müdafiə edən Gürcüstan xalqının yanındadır. Demokratiyanı susdurmaq olmaz. Moldova sizin tərəfinizdədir”. Lakin digər Avropa liderləri şərh verməkdən çəkiniblər.

Gürcüstanın baş naziri İrakli Kobaxidze, öz növbəsində, Avropa liderlərini Gürcüstan təhlükəsizlik qüvvələrinin etirazlarla mübarizə aparmalı olduqları zaman onlardan nümunə götürməyə çağırıb. O, həmçinin vurğulayıb ki, “dərin dövlət” Gürcüstanda hakimiyyəti əvəz etmək istəyirdi, lakin seçkilərin nəticələri onların yanıldığını göstərdi: “Bizim seçicilər qarşısında məsuliyyətimiz var. Biz kollektiv milli hərəkatı tamamilə zərərsizləşdirməliyik ki, ölkədə nəhayət, sağlam, demokratik siyasi sistem bərqərar olsun”. Kobaxidze iğtişaşlarda Avropa İttifaının nümayəndələrini də günahlandırıb: “Hətta xaricdən bəzi insanlar konstitusiya quruluşunu devirmək cəhdinə birbaşa dəstək ifadə ediblər, o cümlədən Aİ nümayəndəsi... Bu fonda Aİ-nin Gürcüstandakı səfiri buna görə xüsusi məsuliyyət daşıyır”. Politoloq Nika Çitadze hesab edir ki, son seçkilərdən nə iqtidar, nə də müxalifət ciddi üstünlüklər əldə edə bilməyib: “Kaladze rekord dərəcədə aşağı seçici fəallığı ilə yenidən seçildi, “Gürcü arzusu”nun rəqibləri isə öz vətəndaşlarına hökumətin dəyişdirilməsi vədindən başqa heç nə təklif edə bilməyiblər. Heç nə dəyişməyib. Cəmiyyət parçalanıb, müxalifətin hələ də yeni liderlərə ehtiyacı var və "Gürcü arzusu" dövlətin məhvini dayandırmaq istəyirsə, cəmiyyətlə dialoq qurmalıdır”. Ekspertin sözlərinə görə, oktyabrın 4-ü axşam saatlarında Tiflisin mərkəzində azı 100 min insan etiraz aksiyası keçirib: “Texniki baxımdan, Konstitusiya Məhkəməsinin tamamilə “Gürcü arzusu”nun nəzarətində olduğunu nəzərə alsaq, hökumət müxalifət partiyalarına qadağa qoya bilər, lakin bu, xalqı hakim elitaya sevdirməyəcək”.

Tahir TAĞIYEV

Seçilən
127
19
baki-xeber.com

10Mənbələr