Ember-in hesabatına görə, Pekin avqust ayında 20 milyard dollarlıq rekord göstərici əldə edib...
Poliqon xəbər verir ki, beynəlxalq analitik mərkəz Ember tərəfindən yayımlanan son hesabatda Çin Xalq Respublikasının təmiz enerji texnologiyalarının ixracında dünya üzrə lider mövqeyə yüksəldiyi bildirilir. Məlumata görə, Çin avqust ayında təmiz texnologiyalar ixracından 20 milyard ABŞ dolları gəlir əldə edərək yeni rekorda imza atıb.
Hesabatda vurğulanır ki, Pekin əsas diqqətini inkişaf etməkdə olan bazarlara yönəldib. Bu, xüsusilə Asiya, Afrika və Latın Amerikası ölkələrinə günəş panelləri, elektrik batareyaları, külək turbinləri və digər “yaşıl texnologiyalar”ın satışında özünü göstərir.
Mütəxəssislərin qənaətinə görə, Çin bu strategiya vasitəsilə qlobal enerji bazarında təsirini gücləndirir və təmiz enerji texnologiyalarında “əsas təchizatçı dövlət” statusunu möhkəmləndirir. Eyni zamanda, ABŞ hələ də diqqətini əsasən fosil yanacaq sektoruna – xüsusilə də neft və qaz ixracına – yönəldib.
Ember-in analitikləri bu tendensiyanı “geosiyasi qütbləşmənin yeni forması” kimi qiymətləndirirlər. Onların sözlərinə görə, ABŞ “neft superdövləti”, Çin isə “elektrik superdövləti” kimi formalaşmaqdadır. Bu, gələcəkdə həm enerji bazarlarında, həm də beynəlxalq təsir bölgələrində ciddi rəqabətə yol aça bilər.
Ekspertlər əlavə edirlər ki, Çin hökumətinin yaşıl texnologiyalara verdiyi strateji üstünlük Pekinin həm iqtisadi, həm də diplomatik mövqelərini gücləndirir və onu enerji keçidinin aparıcı qüvvəsinə çevirir.
Poliqon.info