İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir.
Xezerxeber.az xəbər verir ki, bu il ikincisi dəfə keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.
Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər. AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr, sərginin açılışı nəzərdə tutulur. Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, İslam maliyyəsi və halal biznesin idarə edilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində dünyanın müxtəlif ölkələrindən olan rəsmi şəxslərin, ekspertlərin, akademik dairələrin və sahibkarların iştirakı ilə altı panel iclas təşkil ediləcək.