BAKI, TurkicWorld, Nailə Babazadə
Cari ilin ilk doqquz ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün fəaliyyət göstərən dövlət elektron poçt xidməti vasitəsilə ümumilikdə 12 milyon 267 min 260 elektron məktub emal olunub. Onlardan 9 milyon 336 min 877 elektron poçt təhlükəsiz şəkildə istifadəçilərə çatdırılıb. Eyni zamanda, 2 milyon 930 min 383 elektron məktubun zərərli məzmun daşıdığı müəyyən edilərək avtomatik şəkildə bloklanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bu göstəricilər dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, kibertəhdidlərin qarşısının alınması və elektron yazışmaların təhlükəsizliyinin artırılması istiqamətində Xidmətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini əks etdirir. Xidmət tərəfindən mütəmadi olaraq elektron poçt sistemlərində təhlükəsizlik monitorinqləri aparılır, potensial risklər və zərərli kiberfəaliyyətlər vaxtında aşkarlanaraq neytrallaşdırılır.