Kimya üzrə Nobel Mükafatı alimlər Susumu Kitagava (Kyoto Universiteti,Yaponiya), Riçard Robson (Melburn Universiteti,Avstraliya) və İordaniya əsilli amerikalı kimyaçı, Berklidəki Kaliforniya Universitetinin kimya professoru Ömər M. Yaqiyə (Berkli Universiteti, ABŞ) “metal-üzvi strukturların inkişafına görə” verilib. Bu barədə mükafatın sosial media hesablarında məlumat verilib.
Kimya üzrə Nobel Komitəsinin sədri qeyd edib ki, “Metal-üzvi strukturlar nəhəng potensial təklif edir, xüsusi hazırlanmış xassələrə malik materialların yaradılması üçün əvvəllər ağlasığmaz imkanlar açır”.
"2025-ci il Kimya üzrə Nobel mükafatı laureatları, qazların və digər kimyəvi maddələrin keçə biləcəyi böyük boşluqlara malik molekulyar konstruksiyalar yaradıblar. Bu konstruksiyalar, metal-üzvi çərçivələr, səhrada havadan su toplamaq, karbon qazını udmaq, zəhərli qazları saxlamaq və ya kimyəvi reaksiyaları kataliz etmək üçün istifadə oluna bilər", - deyə mükafatın saytındakı press-relizdə bildirilir.
2024-cü ildə Kimya üzrə Nobel Mükafatı zülal quruluşu ilə bağlı araşdırmalarına görə amerikalı Devid Beyker və britaniyalı alimlər Demis Hassabis və Con Camperə verilib.
Almaz Həsənli