Aİ süni intellekt sahəsində yeni strategiya qəbul edib
Ajans.az xəbər verir ki,Avropa Komissiyası tərəfindən açıqlanan “Süni intellektin tətbiqi strategiyası” və “Elmdə süni intellekt strategiyası” Aİ-nin bu sahədə geridə qalmaması üçün nəzərdə tutulub. Yeni strategiyalara əsasən, süni intellektin səhiyyə, əczaçılıq, enerji, nəqliyyat, istehsal, tikinti, kənd təsərrüfatı, qida sənayesi, müdafiə, rabitə və mədəniyyət kimi sahələrdə istifadəsi təşviq olunacaq. Həmçinin dövlət xidmətlərinin səmərəliliyi və əlçatanlığı süni intellekt texnologiyaları ilə artırılacaq. KOBİ-lər (kiçik və orta biznes subyektləri) üçün də xüsusi dəstək tədbirləri nəzərdə tutulub. Onların süni intellekti öz əməliyyatlarına inteqrasiya etməsi üçün texniki və maliyyə yardımı göstəriləcək. Səhiyyə sektorunda süni intellektlə dəstəklənən qabaqcıl skan mərkəzləri, digər sahələrdə isə sahəyə xas modellər və vasitəçi süni intellekt sistemləri inkişaf etdiriləcək. Aİ Komissiyası bu strategiyaların həyata keçirilməsi üçün ilkin mərhələdə 1 milyard avro maliyyə ayıracaq. Eyni zamanda, Horizon Europe tədqiqat proqramı çərçivəsində süni intellekt və elmi hesablama üçün gigafabrikalara çıxış təmin ediləcək. Bu məqsədlə 600 milyon avro əlavə vəsait ayrılacaq. Ümumilikdə Horizon Europe-un süni intellektə illik investisiyası iki dəfə artırılaraq 3 milyard avrodan çox olacaq. Strategiyanın digər əsas məqsədləri arasında: - Aİ işçi qüvvəsinin süni intellekt bacarıqları ilə təchiz olunması,
- Sahədə fəaliyyət göstərən aparıcı aktorların bir araya gətirilməsi,
- Süni intellekt sahəsində qlobal istedadların Avropaya cəlb olunması,
- Məlumatların toplanması, təşkili və elmi tədqiqatlar üçün əlçatanlığın artırılması,
- Süni intellekt rəsədxanası yaradaraq texnoloji meyllərin izlənməsi və təsirlərin qiymətləndirilməsi daxildir.
Bununla belə, bəzi texnologiya şirkətləri Aİ-dəki sərt qaydaların və ləng bürokratik prosedurların süni intellekt modellərinin işlənib hazırlanmasını çətinləşdirdiyini bildirirlər.