Əkrəm Həsənov: “Bankın bu əməliyyatı etməkdə məqsədi öz aktivini yüksək göstərməməkdir”
Bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar qeyri-işlək kreditlərdir. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Qeyd edək ki, silinmələrin 61,1%-i (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9%-i (22 milyon manat) isə biznes kreditləri üzrə olub.
Məlumat üçün bildirək ki, bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur.
Onu da bildirək ki, ölkədə həssas təbəqələrin nümayəndələri olan qazi, şəhid ailələri 1000-3000 manat kredit borcuna görə banklar tərəfindən sərt şəkildə sıxışdırılıb. Hətta bu vəziyyətə dözə bilməyib intihar edənlər belə var. Maraqlıdır, banklar həssas təbəqədən olan insanların 2000 manatlıq borcunu silmir, geri tələb edir, ancaq həmin kommersiya bankları anidən 57 milyona yaxın vəsaiti silir. Görəsən, qeyri-işlək kreditlər hansı kreditlərdir və bu proses bankların ziyanla qarşılaşmasına gətirib çıxarırmı? Ümumiyyətlə, banklar kimlərin kreditini silib?
“Qeyri-işlək kreditlər rentabelsiz, ümidi itmiş kreditlər ola bilər”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qeyri-işlək kredit gecikməsi olan kredit sayılır. Qeyri-işlək kreditlər rentabelsiz, ümidi itmiş kreditlər ola bilər. Qeyri-işlək kreditlər bir neçə növə ayrılır: “Şübhəli, nəzarət altında olan və ümidsiz kredit. Ümidsiz kredit, adından da göründüyü kimi, ödənişin geri alınması ilə bağlı şansın olmadığı deməkdir. Bankda bu təsnifatlara uyğun ehtiyat yaradılır. 1 ildən çox müddətdə geri qayıtmayan kredit ümidsiz kredit sayılır. Belə olan halda bank geri qayıtmayan krediti silir. Ancaq vətəndaşlar elə anlamasın ki, bank ödənilməyən krediti silir, bağışlayır. Bu mühasibatlıq əməliyyatıdır, balansdan silir, ancaq şəxsə həmin borcu bağışlamır. Məlumdur ki, bank borcu ödəyə bilməyən şəxsi məhkəməyə verir. Məhkəmə də qanun çərçivəsində məlum problemi həll edir. Bankın bu əməliyyatı etməkdə məqsədi öz aktivini yüksək göstərməməkdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar bəzi hallarda həssas təbəqələrdən olan şəhid ailələri, qazilərin kredit borcunu silib. Ancaq bu tam şəkildə mümkün olmur. Çünki bank özəl qurum olduğu üçün verdiyi krediti geri tələb edir.
Günel CƏLİLOVA