AZ

Qazaxıstanlı ekspert: Qəbələ Bəyannaməsi türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirib

Bakı, 9 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunlarına dair qəbul edilmiş Qəbələ Bəyannaməsi türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, bu fikri “Kazinform” agentliyinə müsahibəsində Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq təhlükəsizlik şöbəsinin eksperti Aynur Tukumova ifadə edib.

Onun sözlərinə görə, Qəbələ Bəyannaməsi təşkilata üzv dövlətlərin suverenlik və ərazi bütövlüyünə sadiqliyini, həmçinin əsas regional çağırışlar üzrə müntəzəm məsləhətləşmələrə ehtiyac olduğunu bir daha təsdiq edir. “Bəyannaməyə əsasən, TDT əlaqələndirilmiş xarici siyasətini gücləndirməyə sadiqdir; xarici işlər nazirləri daha tez-tez görüşəcək, aparıcı beyin mərkəzləri və universitetlər yeni Türk Strateji Vizyon Şəbəkəsi çərçivəsində qüvvələrini birləşdirəcək”, -deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Bəyannamədə təhlükəsizliyinin təmin edilməsinin bütün türk regionunda sülh və firavanlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetirilir. Eyni zamanda, ölkələr arasında Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq haqqında Müqavilə üzərində iş sürətləndirilir, müdafiə sənayesi sektorunda mütəmadi əlaqələr qurulur.

A.Tukumova bildirib ki, iqtisadi sahəyə aid əsas qərarlar arasında Xidmətlər Ticarətinin və İnvestisiyaların Asanlaşdırılmasına dair Saziş üzrə danışıqların başlanması, TDT-nin Mərkəzi Banklar Şurasının institusionallaşdırılması və Türk İnvestisiya Fondunun mandatının genişləndirilməsi yer alır. O əlavə edib: “Qeyd etmək lazımdır ki, yaşıl gündəlik praktiki məzmun kəsb edib. İqlim tərəfdaşlığı, davamlı maliyyələşdirmə və yaşıl texnologiyaların tətbiqi üzrə addımlar təsdiq edilib. TDT ölkələrinin enerji sistemlərini Avropa bazarları ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş regional yaşıl enerji dəhlizinin yaradılmasına xüsusi diqqət yetirilib”.

Ekspertin sözlərinə görə, Bəyannamədə Trans-Xəzər Beynəlxalq Marşrutuna daha çox diqqət yetirilir. Liderlər regionun tranzit daşımaları üzrə rəqabət qabiliyyətini artırmaq üçün rəqəmsal inteqrasiya, qaydaların unifikasiyası və logistikanın inkişafına ehtiyac olduğunu vurğulayıblar. Zəngəzur dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı, eləcə də Çin-Qırğızıstan-Özbəkistan avtomobil yolunun təşviqi layihələri dəstəklənib.

Qazaxıstanlı ekspert daha sonra qeyd edib: “Mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi TDT ölkələri üçün mühüm fəaliyyət sahəsi olaraq qalır. Mədəniyyət proqramına Vahid Muzey Kartının istifadəyə verilməsi, həmçinin gənclər, könüllülər və təhsil layihələrinin həyata keçirilməsi planları daxildir. Almatıdakı universitetləri birləşdirəcək Türk dünyası üçün ali təhsil məkanının yaradılması planı da gündəmdədir”.

Onun sözlərinə görə, Zirvə Görüşünün digər mühüm yeniliyi təşkilatdan kənar dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına yönəlmiş “TDT+” formatı olub. Bu yeni mexanizm tərəfdaşlıqları genişləndirəcək, təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək və onu xarici aktorlarla dialoq üçün daha çevik və açıq platformaya çevirəcək.

“Beləliklə, Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının təhlükəsizlik, davamlı inkişaf və mədəni inteqrasiya məsələlərində ölkələrin səylərini birləşdirməyə qadir olan effektiv regional platforma kimi artan əhəmiyyətini təsdiqlədi”, -deyə A.Tukumova sözlərini yekunlaşdırıb.

Seçilən
82
2
azertag.az

3Mənbələr