AZ

Google Hindistanda 10 milyard dollarlıq Data Mərkəzi inşa edəcək

Ajans.az xəbər verir ki,bu barədə The Economic Times məlumat yayıb. İnvestisiya ölkənin rəqəmsal infrastrukturuna yönəlmiş ən böyük birbaşa xarici sərmayələrdən biri olacaq. Layihə Hindistanın Andhra Pradeş ştatında, Visakhapatnam şəhəri yaxınlığında reallaşdırılacaq. Burada 2028-ci ilin iyul ayına qədər ümumi gücü 1 giqavat olan üç iri data mərkəzinin tikintisi nəzərdə tutulur. Andhra Pradeş hökuməti layihəni artıq təsdiqləyib. Rəsmilərin sözlərinə görə, bu təşəbbüs ştatda 1,8 milyon yeni iş yeri yaradacaq və Visakhapatnamı süni intellekt, bulud texnologiyaları və məlumat analitikası sahəsində qlobal mərkəzə çevirəcək. "Andhra Pradeş bu layihə ilə texnologiya sektoruna yüksək dəyərli sərmayələrin cəlb olunmasında liderliyini möhkəmləndirir və süni intellekt əsaslı rəqəmsal iqtisadiyyata keçidi sürətləndirir," – deyə ştatın baş naziri N. Çandrababu Naidu bəyan edib. Data mərkəzləri bərpa olunan enerji ilə işləyəcək və bölgədə formalaşdırılacaq qabaqcıl süni intellekt texnologiyaları klasterinə inteqrasiya olunacaq. Hindistan hökuməti bu klasteri Cənubi Asiyada ən böyük və ölkənin ilk beynəlxalq AI infrastruktur mərkəzi kimi inkişaf etdirməyi planlaşdırır. Layihə həmçinin enerji, telekommunikasiya, fiber optika və nəqliyyat sahələrində regional inkişafa təkan verəcək.

 

Seçilən
51
Ajans.az

1Mənbələr