AZ

Elmi müəssisələr niyə publik hüquqi şəxsə çevrildi?

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” Qərar imzalayıb.Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;

- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.

Maraqlıdır, adıçəkilən institutların publik hüquqi şəxsə çevrilməsinin nə kimi əhəmiyyəti var?

Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a şərhində deyib ki, bu qərar elmi idarəetmə sistemində struktur islahatlarının növbəti mərhələsi sayılır:

 “İnstitutların publik hüquqi şəxsə çevrilməsi bir neçə məqsədə xidmət edir.  İdarəetmə, çeviklik, müstəqillik, elmi potensialın birləşdirilməsi, elm və təhsil inteqrasiyasının gücləndirilməsi, hesabatda şəffaflıq kimi məqsədləri missal çəkmək olar.


Ümumiyyətlə, institutlara publik hüquqi şəxs statusunun verilməsi daha çox idarəetmə səlahiyyəti verir. 

Onlar klassik dövlət qurumları kimi mərkəzdən idarə olunmayacaq. Maliyyə və kadr siyasətini müəyyən qədər özləri formalaşdıra bilir.  Bu da elmi layihələrin icrasında operativliyi artırır, qərarların qəbulunu sürətləndirir.  Publik hüquqi şəxs statusu imkan verir ki, dövlət büdcəsi ilə yanaşı, qrantlar, beynəlxalq layihələr hesabına maliyyə əldə edə bilsinlər, öz gəlirlərini sərbəst idarə etsinlər. Bu da ali təhsil ocaqlarında elmi nəticələrin təhsil prosesinə inteqrasiyasına şərait yaradır. Publik hüquqi şəxslər müasir standartlara uyğun fəaliyyət göstərməlidir. Bu model düzgün tətbiq olunarsa, Azərbaycan elm yönümlü rəqabətliyin inkişafına ciddi təkan verər”.

Sevinc

Seçilən
9
hit.az

1Mənbələr