AZ

Nikahdankənar doğuşlar artır - ailə institutu dağılırmı?


Fatimə Hacıbəyli: “Müasir qadınların ailə qurmadan ana olmaq istəməsi halları günü-gündən artır”

Son zamanlar ölkəmizdə nikahdankənar uşaqların sayının artdığı müşahidə olunur. Hətta rəsmi rəqəmlərdə ötən il dünyaya gələn körpələrin təxminən 25 min nəfərinin nikahdan kənar olduğu bildirilirdi.

Açıqlanan məlumatlara görə, son 5 ildə nikahdankənar doğulan uşaqların sayı Azərbaycanda 82 944 olub. Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərinə əsasən, ötən il ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulanların sayı 13 228 olub.

2023-cü ildə isə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 15 622 təşkil edib. 2022-ci ildə 18814, 2021-ci ilə 17566, 2020-ci ildə isə 17714 uşaq qeyri-rəsmi nikahlardan doğulub.

Açıqlanan məlumatlardan da bəlli olur ki, nikahdankənar doğulan uşaqların sayı ildən-ilə artır.

“Erkən yaşda ailə quran xanımla rəsmi nikah bağlana bilməz, uşaq dünyaya gəlir, lakin ananın yaşı hələ də rəsmi nikaha uyğun olmur, bu da…”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müasir qadınların ailə qurmadan ana olmaq istəməsi halları günü-gündən artır: "Qadınlar ailə qurmaq yox, karyera etmək istəyir. Onlar pul qazanmaq istəyir və hesab edirlər ki, ailə qursalar, daha çox problem olar. Məsələn, həyat yoldaşı hansısa qadağa qoya bilər. Bəzi qadınlar hesab edir ki, özü üçün uşaq dünyaya gətirsə, daha yaxşı olar. Nikahdankənar dünyaya gələn uşaqların sayının artması səbəblərindən biri də erkən nikahlardır. Bəllidir ki, erkən yaşda ailə quran xanımla rəsmi nikah bağlana bilməz. Uşaq dünyaya gəlir, lakin ananın yaşı hələ də rəsmi nikaha uyğun olmur. Bu kimi faktlar yetərincədir. Bəzən elə hallar olur ki, erkən evlilikdən uşaq dünyaya gəlməsinə baxmayaraq, ailə quran cütlüklər bir-birilə anlaşmadığı üçün ayrılmaq qərarına gəlir. Təbii ki, bu hal da nikahdankənar doğulan uşaqların sayına təsir edir".

Sosioloq onu da əlavə etdi ki, bu problemin digər səbəbi bəzi kişilərin, rəsmi evlilikdən başqa, digər xanımla qeyri-rəsmi münasibətlər yaşamasıdır. Bu münasibətlər dünyaya nikahdankənar körpələrin gəlməsinə şərait yaradır. İstər ana, istərsə də körpə üçün bu, gələcəkdə müəyyən problemlər yaradır.

Günel CƏLİLOVA

Seçilən
80
20
baki-xeber.com

10Mənbələr