Oktyabrın 2-də keçirilən Sammitdə "Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi" mövzusunda müzakirələrdə çıxış etdim. Fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin rolu haqqında fikirlərimi böluşdüm. Milli Məclisin bu sahədə çoxsaylı qanunlar qəbul etdiyini bildirdim.
Ötən ilin noyabrında möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırlatdım. Tədbirin mühüm nəticələri barədə məlumat verdim. Həmçinin nəzərə çatdırdım ki, Parlamentlərarası İttifaqla birlikdə Milli Məclis COP29 çərçivəsində keçirilən Parlament iclasına da ev sahibliyi etmişdir.
Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlərim oldu. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İspaniya, Avstraliya, Sinqapur, Cənubi Afrika Respublikası, Zimbabve parlamentlərinin sədrləri, Braziliya parlament nümayəndə heyətinin rəhbəri ilə söhbətlərimdə Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdim.
Ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi də aparıldı. Hesab edirəm, Cənubi Afrika Respublikasına işgüzar səfər uğurlu oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31