AZ

TDT güclü beynəlxalq tribunaya çevrilib

Türk dünyasının birliyi yeni geosiyasi mərhələdə mühüm rol oynayır

Müasir dövrdə dünya siyasi düzəni dinamik şəkildə dəyişir, yeni güc mərkəzləri formalaşır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi əhəmiyyətə malik regional platformalardan biri kimi önə çıxır. Tarixi və mədəni bağlılıqlara əsaslanan bu birlik, eyni zamanda siyasi və iqtisadi zərurətin nəticəsi olaraq yaranmışdır. TDT yalnız ortaq tarix və mədəniyyət üzərində qurulmayıb, eyni zamanda üzv ölkələrin ortaq maraqlarını müdafiə edən və onların beynəlxalq nüfuzunu artıran strateji əməkdaşlıq və qardaşlıq birliyidir. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bütövlükdə Avrasiya qitəsinin önəmli iqtisadi və geosiyasi potensialını özündə birləşdirir: "Bu birlikdə xüsusilə  Azərbaycan və Türkiyənin liderliyi daim ön planda olmuş, birgə təşəbbüslər və diplomatik aktivlik sayəsində TDT-nin beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir. TDT-nin sammitlərinin tez-tez Azərbaycanda keçirilməsi ölkəmizin bu qurum daxilindəki mövqeyinin və nüfuzunun bariz göstəricisidir. Qəbələdə keçirilmiş növbəti sammit isə bir çox aspektdən tarixi əhəmiyyət daşıyırdı. Bu görüş təkcə üzv dövlətlərin bir araya gəlməsi deyil, həm də türk dünyasının gələcək strateji planlarının müzakirəsi baxımından son dərəcə effektli alındı. TDT-nin Qəbələ görüşü həm də onunla yadda qaldı ki, liderlər Qəbələdən dünyaya barış və sülh mesajı səsləndirməklə ədalətin və beynəlxalq münasibətlərdə gücün deyil, hüquq prinsipinin üstünlüyünü təşviq etdilər".

Onun sözlərinə görə, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin məzmunlu nitqi böyük maraqla qarşılandı və çıxışda irəli sürülən əsas məqamlar TDT-nin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi kimi tarixə düşdü: "Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı (TDT) son dövrlərdə sadəcə regional əməkdaşlıq platforması deyil, həm də qlobal əhəmiyyətə malik geosiyasi aktor kimi formalaşmaqdadır. Azərbaycan bu təşkilat çərçivəsində həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. Ölkənin daxili sabitliyi, strateji coğrafi mövqeyi və artan iqtisadi potensialı TDT-nin ümumi gücünə mühüm töhfə verir. Azərbaycan tərəfindən təşkilatın katibliyinə edilən maddi dəstək və üzv ölkələrlə hərbi əməkdaşlıq, xüsusilə Türkiyə ilə keçirilən birgə təlimlər, təşkilat daxilində strateji birliyin möhkəmləndirilməsinə xidmət edir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız milli səviyyədə deyil, regionda ədalət və sabitliyin bərqərar olunması baxımından da əhəmiyyətli oldu.
Bundan başqa nəqliyyat və enerji sahəsində həyata keçirilən layihələr Orta Dəhliz, Zəngəzur dəhlizi və bərpaolunan enerji təşəbbüsləri Türk dünyası ölkələri arasında iqtisadi və infrastruktur baxımından əlaqələri gücləndirir. Azərbaycanın təşəbbüsləri TDT-nin mövqeyini həm regional, həm də beynəlxalq müstəvidə gücləndirir. Ortaq tarix, dil və mədəniyyətin yaratdığı bağlar üzərində qurulan bu əməkdaşlıq modeli gələcək üçün böyük perspektivlər vəd edir.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü gələcək inkişafa yeni məzmun verdi. Liderlər Qəbələdən verdikləri bəyanatlarla türk dünyasında siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm həmrəyliyin, daha sıx əməkdaşlığın və ortaq strateji məqsədlərin vacibliyini təsdiqlədi, həmçinin regional sülh və stabilliyin təmin olunmasına dair birgə iradənin möhkəmləndiyini nümayiş etdirdilər. Bunun türk dövlətlərinin birgə inkişafı və davamlı tərəqqisi üçün əhəmiyyətli rol oynayacağına şübhə yoxdur. Azərbaycan liderinin qeyd etdiyi kimi Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Çünki sülh və inkişaf TDT-nın yol xəritəsində başlıca istiqamətdir. Məhz bu amal türk dünyasını birləşdirir, onu gələcəyə doğru inamla aparır".

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) "Regional sülh və təhlükəsizlik" devizi altında baş tutan sammiti türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu: "Türk geosiyasətinin mərkəzinə çevrilən Azərbaycan bu gün əməkdaşlığın yeni modelini formalaşdırır - iqtisadi və nəqliyyat layihələrindən tutmuş, kollektiv təhlükəsizlik təşəbbüslərinə qədər.
Artıq TDT yalnız mədəni platforma deyil, sülhün, dayanıqlı inkişafın və ortaq məsuliyyətin güclü beynəlxalq tribunasına çevrilib. Qəbələdə keçirilən XII sammit Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ açdı - məsləhətləşmə formatından ümumi tarix, dil və geosiyasi maraqlarla birləşən ölkələri əhatə edən tamhüquqlu beynəlxalq struktura çevrildi. İlkin mərhələdə mədəni və iqtisadi əməkdaşlıq meydanı kimi formalaşan TDT bu gün Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi konsolidasiyanın və iqtisadi yüksəlişin mühüm mexanizminə çevrilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də müşahidəçi ölkələr - Türkmənistan, Macarıstan və Şimali Kipr qarşılıqlı potensialların tamamlanmasına, vahid inkişaf baxışına əsaslanan yeni əməkdaşlıq arxitekturası yaradır".

Millət vəkili bildirib ki, Sammitin məhz Azərbaycanda keçirilməsi dərin rəmzi məna daşıyır: "Ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmiz regionda mövqeyini gücləndirib və türk dünyasının inteqrasiyasının katalizatoruna çevrilib. Azərbaycanın təşəbbüsləri göstərir ki, iqtisadi və nəqliyyat yaxınlaşması kollektiv təhlükəsizliklə paralel aparılmalıdır. Sammitin "Sülh və təhlükəsizlik" mövzusu da məhz bu mərhələnin mahiyyətini əks etdirir - dostluq bəyanatlarından konkret addımlara, sabitlik və ortaq maraqların qorunmasına yönəlmiş praktik əməkdaşlığa keçid. Sammitin əsas istiqamətlərindən biri qarşılıqlı iqtisadi asılılığın dərinləşdirilməsidir. Orta Dəhliz, Transxəzər marşrutu və TRIPP - Sülh və Rifah Yolu (Route of Peace and Prosperity) layihəsini əhatə edən vahid nəqliyyat-loqistika sistemi regionu Avrasiya ticarətinin mühüm qovşağına çevirir.
Azərbaycan enerji və nəqliyyat layihələrinin sinxron inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi və "yaşıl enerji" təşəbbüslərinin irəlilədilməsi ideyasını fəal şəkildə dəstəkləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Türk dünyasını bu gün birləşdirən təkcə ortaq tarix və mədəniyyət deyil, həm də ədalətli və balanslaşdırılmış dünya qurmaq kimi ümumi maraqlardır." Qlobal qeyri-sabitlik şəraitində təhlükəsizlik sahəsində koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan sülhməramlı fəaliyyət və terrorizmə qarşı mübarizə təcrübəsinə əsaslanaraq kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlimlər və transmilli təhdidlərə qarşı proqramların hazırlanması təşəbbüsünü irəli sürür. Bu təşəbbüslər "türk dünyasının qalxanı"nın - XXI əsrin çağırışlarına qarşı birgə cavab verməyə imkan verən koordinasiyalı siyasət platformasının formalaşmasına xidmət edir.
Türk Dövlətləri Təşkilatı artıq iqtisadi və nəqliyyat gündəliyini aşaraq yeni istiqamətlərə çıxıb. Qəbələ sammitində təhsil, rəqəmsal təhlükəsizlik, gənclər əməkdaşlığı və mədəni diplomatiya məsələləri müzakirə olunur - bu sahələr xalqlar arasında uzunmüddətli əlaqələrin və humanitar körpülərin əsasını qoyur. Azərbaycan elm, mədəniyyət və təhsil sahəsində birgə proqramların təşəbbüskarı kimi türk həmrəyliyinin humanitar ölçüsünü ardıcıl şəkildə irəli aparır".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
5
olaylar.az

10Mənbələr