AZ

“Oser faciəsi” təkrarlanacaqmı?

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyuna çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Parisdə Fransanın qonağı olacaq. “Park de Prens”də baş tutacaq görüşə saat 22:45-də start veriləcək. Fransızlara qarşı buna qədər iki oyun keçirmiş və məğlub olmuşuq. İlk qarşılaşma 0:2 hesabıyla bitibsə, digər görüş tarixə “Oser faciəsi” kimi düşüb. 1995-ci il, sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsində fransızların qonağı olan millimiz tarixinin ən böyük hesablı məğlubiyyətini yaşayıb – 0:10. Rəqəm qorxudur, bir də narahatedici gündür – 10-cu ayın, 10-u. Son oyunda 0:10 hesablı məğlubiyyət… Nəticə üzərindən 30 il keçsə də, tez-tez xatırlanandır. Fransa ilə püşkdə rəqib olduğumuz bilinəndə də çoxluq bu qorxuda idi – “Oser faciəsi” təkrarlanacaqmı? Futbol dəyişib, artıq nadir hallarda belə böyük hesablı nəticələrə rast gəlinir. Düzdür, dünən Avstriya seçmə mərhələdə San Marinonu da bu hesabla, 10:0-la məğlub etdi. Ancaq biz San Marino deyilik, hərçənd, Avstriya da Fransa deyil. Heyətində Osman Dembele, Bredli Barkola, Randal Kolo-Muani kimi itkiləri olan fransızların əsas qol ümidi Kilian Mbappedir. Zədəsini yenicə zağaldan forvard yığmada 5 qol vursa, bombardir olacaq. Oyunqabağı da bu suala “niyə də olmasın” deyə cavab verib. Mbappe nə qədər motivasiyalıdırsa, bizim oyunçular da o qədər qəzəbli olmalıdır. Fransa ilə aradakı səviyyə fərqi kifayət qədər böyükdür. Dəyəri milyard avrodan çox olan, oyunçuları Avropanın top klublarında oynayan rəqibə uduzmaq qınanılmayacaq. Böyük hesablı məğlubiyyət narazılıq yaradacaq, tənqidlər artacaq, amma səviyyə fərqini, reallığı dərk etmək lazımdır. Məsələn, onların “qol silahı” Kilian Mbappe bu mövsüm “Real” formasıyla La Liqada 8 oyunda 9 qol vurub. Bizim ümidimiz Mahir Emreli isə bu mövsüm qol vurmayıb, bir aydır da meydana çıxmır. Fransa ilə oyunda xal qazanmaq şanslarımız minimumdur, amma mümkünsüz deyil. Ayxan Abbasov klub səviyyəsində nisbətən aşağı imkanlı kollektivlərdə işləsə də, böyük komandalardan xal və ya xallar almağı bacarıb. Bu gün də buna inam var, azdır, amma var. Fransızlar demiş, itiriləcək nəsə yoxdur, qrupda xal ala biləcəyimiz rəqiblər İslandiya və Ukraynadır. Ukraynalılardan birini almışıq, qalıb digərləri. Hər bir halda, nəticədən asılı olmayaraq ruhdan düşməmək mütləqdir. Fransızlar erkən qolla müqavimətimizi qırmağa çalışacaq. Sınmamaq lazımdır, xüsusilə, ilk 20 dəqiqə qapını toxunulmaz saxlaya bilsək, sonrasında nələrəsə ümid edə bilərik. (futbolpress)

Seçilən
16
bakuinfo.net

1Mənbələr