Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Bakı arasındakı gərginliyi “dövlətlərarası böhran” kimi deyil, “emosiyaların böhranı” kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, o, bu barədə Düşənbədə mətbuat konfransında danışıb.
O qeyd edib ki, Azərbaycanla münasibətlərdə dövlətlərarası böhran olmayıb.
"Bu, emosiyaların böhranı idi və səbəbi də aydındır, biz təyyarə qəzasında insan itkisi ilə üzləşdik, məsələni araşdırmaq üçün zamana ehtiyac vardı”, - deyə Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir, hazırda yalnız “detallar və incəliklər” üzərində iş aparılır.
“Əgər bizdə real böhran olsaydı, ticarət-iqtisadi əlaqələrdə artım müşahidə olunmazdı. Bu, emosional gərginlik idi, çünki çox ağır hadisə ilə, faciə ilə qarşılaşmışdıq”, – deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, hadisə artıq arxada qalıb və münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlidir: “Ümid edirəm, biz bu səhifəni çevirmişik və bundan sonra irəliləyəcəyik.”
Putin vurğulayıb ki, Bakı ilə heç bir dövlətlərarası qarşıdurma yaşanmayıb, yaranan çətinliklər yalnız “emosional reaksiyadan” qaynaqlanıb./modern.az