AZ

Əxlaq yalnız qadınlar üçündürmü?..

Bu son günlərdə qonşu İran əslində geosiyasi kontekstdə gündəmə gəlməli idi. Amma bir qədər fərq1i oldu, xəbər gəldi ki, guya Tehran hicabla bağlı qanunu ləğv etmək istəyir.

Qərəz, çox yazıldı, çox danışıldı bu mövzuda, hərə bir söz dedi, hətta başqa mənbələrə də nəzər saldıq, amma ki, bir nəticə hasil edə bilmədik.

Bizə belə gəlir ki, hətta məsələ müsbət mənada həll olunsa da heç də asan olmayacaq, çünki hicab mollaların öz “inqilab”larından sonra bədbəxt İrana gətirdikləri ən böyük “yenilik”lərdən biri, hətta birincisi idi: guya iranlı qadın və qızlar başlarını örtsələr bununla ölkənin bütün problemləri həll olacaqdır!

Gülməlidir, deyilmi? Bilirsinizmi, nə qədər suallar yaranır bu kontekstdə? Doğrudanmı cəmiyyətin əxlaq problemini yalnız qadınlar həll edir? Özü də yalnız başlarını örtməklə! Əxlaq “güclü cins”ə-kişilərə aid deyilmi?..

Burada vaxtilə çox gözəl romanlarımızdan birindən oxuduğum detal yadıma düşür: kişi papağını, arvadını və atını qorumalıdır! Vəssalam!

Bilirsnizmi, bu detalı niyə qeyd etdim? Müsəlmanlarda baş örtüyü niyə görəsən həmişə vacib olub: kişilər üçün qeyrət papaq, qadınlar üçün hicab-örtükdür! Nə gözəl! Əxlaqlı adam, əxlaq sahibi olmaq bu qədərmi asanmış?

Təsəvvür edin, demirlər ki, bəs, kişi azadlığını, ləyaqətini, vətənini, torpağını qoruyanda, sözünün sahibi olanda, düzgün və ədalətli adam, bir az gülməli çıxsa da, qərblilər demişkən, vergisini ödəyəndə, müntəzəm şəkildə seçkilərə gedəndə, seçkiyə haram qatmayanda, yaltaqlıqla başını girələməyəndə əxlaqlıdır! Yox, bütün bu sadaladığım meyarlar çox təəssüf, müsəlman Şərqində heç vaxt öndə olmayıb: bəlkə buna görə müsəlman Şərqin hamıdan geridədir?

Bilirsinizmi, əsrlər boyu biz müsəlmanlar qeyrətdən- filandan danışmışıq. Amma Qərbdə belə anlayış yoxdur, orada ləyaqətli insan, ləyaqətli vətəndaş və ya centlmenlikdən danışırlar. İndi baxın görün, biz şərqlilər nəyə nail olmuşuq, qərblilər haralara çatıblar?

Burada bir kiçik detal düşdü yadıma. Bir yas yerində nəsə bütpərəst dünyasından, nə bilim, Çindən, Yaponiyadan söz düşdü. Molla qayıdıb nə desə yaxşıdır? Onlar indi irəlidə olsalar da xeyri yoxdur, çünki AXİRƏTLƏRİ yoxdur! Təsəvvür edirsiz? Adam bağırmaq istəyir ki, kişi, get, BOZBAŞINI ye! Sən nə qanırsan irəlidə-geridə olmaq nədir?..       

Nə isə. Burada əvvəldə dedyimiz geosiyasi nüanslara da qısaca toxunmaq istərdik. Son günlərdə ən çox müzakirə olunan məsələ həm də prezident Trampın Yaxın Şərqlə bağlı təklifləridir.  

Nə demək olar? Bədniyyətlik olmasın, təəssüf ki, bütün təşəbbüslər heç də həmişə sülh gətirmir. Əsr keçib və bu illər ərzində nə qədər təşəbbüs olubdur Yaxın Şərqlə bağlı. Hanı sülh?

Deyirlər ki, guya ABŞ prezidenti Tramp də indi də olmasa, yaxın keçmişdə Nobel sülh mükafatı almaq istəyir! Axı belə götürəndə, prinsipcə, niyə də yox? Məgər digər Nobel sülh mükafatı alanlar sülh gətirmişdilər Yaxın Şərqə? Düzdür, bununçün bəzisi (məsələn, Ənvər Sadat) həyatıyla da vidalaşmalı oldu. Eləsi də oldu ki, yalnız möcüzə nəticəsində sağ qaldı...

Amma sülh olmadı. Odur ki, hələki tamam bilmək olmaz, görəsən, Yaxın Şərqə sülh gəlir, yoxsa daha bir müharibə: məsələn, ABŞ – İsrail - İran müharibəsi kimi...

Məni qınamayın, bu cənab Netanyahu kişi qətiyyən sülh adamına oxşamır, çünki normal, 21-ci əsr siyasətçisi üçün müharibə, olsa-olsa, acı məcburiyyətdir.

Həm də hamımız uzaq keçmişi, nə bilim, feodalizmi-filanı qamçılayırıq, amma hətta qədim müharibələr haqda oxuyanda görürsən ki, onlar daha sivilmiş, o vaxtki hökmdarlar daha ailicənabmış: qoşunla qoşun vuruşarmış, nə uşaqlara toxunan olurmuş, nə qadınlara, nə də qocalara, adi əhaliyə də kiminsə işi olmurmuş! Bir hökmdar başqa ölkəni işğal edəndə onun əhalisindən yalnız loyallıq tələb edərmiş!..

Həm də bilirsiz, məni daha nə düşündürür? Feodalizm-filan az qala, gerilik simvoluna çevrilibdir. Amma hətta feodalizmdə də mərdlik, cəngavərlik kodeksi olubdu! Hara itdi bütün bunlar? Xahiş edirəm, bunu yozmayın ki, adam deyəsən, bizi keçmişə-filana çağırır. Əstəğfürullah!

Eynşteynin ümumi nisbilik nəzəriyyəsi keçmişə dönüşü, səyahəti mümkün hesab etsə də hələki keçmişə səyahət edən olmayıbdı: əlbəttə, bizim məşhur uşaq filmindəki İo Kio babanın pionerlərindən və onların keçmişdən gətirdiyi xandan başqa!

O ki qaldı feodalizmə, mən daha çox Qərb feodalizmini nəzərdə tuturam: əgər səhv etmirəmsə, cəngavərlik institutu daha çox orada olub, hərçənd, burada yada bizim oğuz igidləri də, hətta yapon samurayları da düşür. Hara getdi bütün bunlar?..

Ötən həftə HƏMAS və İsrail təmsillçiləri arasında Misirdə ilk görüş başlandı. Onlar indi də davam edir və üstəlik, pozitiv xəbərlər də eşidirik. Necə deyərlər, göz dəyməsin...

Həm də soruşula bilər ki, axı niyə bu vaxta qədər burada sülh alınmır? Səmimi şəkildə deyirəm ki, bir ara düşünürdüm soyuq müharibə bitəndən sonra bu bölgəyə də sülh gələcək, çünki bu bölgə də Sovetlərlə Qərb dünyası arasında çəkişmə meydanı idi. Amma olmadı. İkinci fərziyyə budur ki, zaman-zaman ərəb dünyası çox radikallıq etdi (ən azı məşhur “Xartum sazişi”ni yada salın!), indi də məncə ,İsrail radikallıq edir. Ötən dəfə bir yerdə yazmışdım ki, Netanyahu və kabineti hətta bir adi siyasi təhlilçinin də hiss edə biləcəyi dərəcədə reallıq hissini itiribdi!

Həm də ortada çox savaş olub, hər iki tərəf çox acılar yaşayıb, məhrumiyyətlər görübdür. Bunların hamısını birdən unutmaq olarmı?

Üstəlik, İran mollaları kimi aranı qızışdıranlar da çox olub. İndi qardaş Türkiyə və aparıcı ərəb dövlətləri də Trampın sülh planına dəstək verir. Bu da çox mühüm amildir və prosesə güclü təsir edə bilər. Fələstinlilər də əsrlərlə mürgüləyən müsəlman şərqinin təmsilçiləri olsalar da o gün belə məlum oldu ki, deyəsən, kimya sahəsində Nobel mükafatı alanların biri də fələstinlidir!..

Nə demək olar? Alqışlar! Bir neçə il əvvəl kimya sahəsində Nobeli türk qardaşımız Əziz Səncər da almışdı: deyəsən, müsəlmanlar əl - kimyadan kimyaya keçir!

İranlı mollalarsa, qoy, üzərik yandırmaqda, biçarə qadınların başını qapazlamaqda, bu dünyanın yox, “o biri dünyanın” problemlərini həll etməkdə olsunlar!

Amma bilsinlər bir məsələni: vətəndaşların demirəm, təəbələrin başına dəyən hər bir qapaz bumeranq kimi sonradan həmin o qapaz vuranların öz başına dəyir!

Qərbdəki biznes adamları, böyük firmalar təhsilə, hətta səhiyyəyə az qala, hökumətin özündən çox sərmayə yatırırlar. Bilirsiniz, niyə? Onlar deyirlər ki, bizə savadlı və sağlam işçilər lazımdır. Qapaz altında olan bir insan, hətta bütöv cəmiyyət nəyə nail ola bilər! Baxın, hətta Nobel laureatları daha çox hansı ölkələrdən çıxır? Çox nadir hallarda belə adamlara qeyri-azad ölkələrdə təsadüf olunur. O boyda SSRİ-də uzağı beş-üç belə adam olardı! “Perestroyka” vaxtı müəllimlərimizdən birinin sözü hələ də yadımdır: “Hamı deyir ki, sovet elmi elə gəldi, belə getdi! Bəs hanı bizim Nobel laureatlarımız?”...

Seçilən
16
50
musavat.com

10Mənbələr