AZ

Putin Mərkəzi Asiyada nüfuzunu qorumağa çalışır

Moskvanın bölgədəki təsiri Çin və Qərbin artan fəallığı fonunda zəifləyir...

Poliqon xəbər verir ki, Fransanın nüfuzlu Le Monde nəşri Rusiya prezidenti Vladimir Putinin Mərkəzi Asiyada Moskvanın mövqelərini qorumaq cəhdlərini təhlil edib. Nəşrin yazdığına görə, Rusiya lideri bu həftə dövlət səfəri ilə Tacikistanda olub və bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən iki regional sammitdə iştirak edib.

Səfərin əsas məqsədi Kremlin regionda, xüsusən də keçmiş sovet respublikalarında, yəni “yaxın xaric” üzərində nəzarətini hələ də saxladığını nümayiş etdirmək idi. Lakin müşahidəçilər qeyd edirlər ki, Putinin bu məqsədinə nail olduğu görünmür. Tacikistan və digər ölkələrin liderləri Rusiya prezidenti ilə mehriban və rəsmi tonda görüşsələr də, səfər zamanı konkret sənədlərin, razılaşmaların və ya yeni təşəbbüslərin imzalanmaması Moskvanın təsir imkanlarının azaldığını göstərir.

Le Monde yazır ki, səfərin arxasında dostluq jestləri və diplomatik ritorika gizlənsə də, “Moskvanın periferiyasında nüfuz itkisi artıq açıq şəkildə hiss olunur”.

Mərkəzi Asiya üzrə müstəqil tədqiqatçı, Central Asia Due Diligence mərkəzinin rəhbəri Alişer İlhamov nəşrə bildirib ki, “Putinin məqsədlərindən biri regiondakı gərginliyi qismən azaltmaq idi. Ticarət və investisiya sahəsində bir sıra vədlər səsləndirildi, lakin Rusiyanın iqtisadi imkanları iki il əvvəllə müqayisədə indi xeyli məhduddur.”

Nəşr qeyd edir ki, artıq dörd ildir davam edən Ukrayna müharibəsi Moskvanın ənənəvi müttəfiqlərini – Qazaxıstan, Özbəkistan, ErmənistanAzərbaycanı – yeni tərəfdaşlar axtarmağa vadar edib. Bu ölkələr Rusiya ilə əlaqələri tam kəsməsələr də, eyni zamanda Çin, Avropa İttifaqı, Türkiyə və Fars körfəzi ölkələri ilə əməkdaşlığı genişləndirirlər.

Rəqəmlər də regionda güc balansının dəyişdiyini göstərir: Çinin Mərkəzi Asiya ilə ticarət dövriyyəsi 94,8 milyard dollar təşkil edir, halbuki Rusiya ilə bu göstərici 44 milyard dollar, Avropa İttifaqı ilə isə 64 milyard dollardır.

Məqalədə vurğulanır ki, Rusiya üçün Mərkəzi Asiya artıq təkcə strateji deyil, həm də psixoloji baxımdan vacib regiondur – Moskva burada nüfuzunu itirmək istəmir, lakin reallıq göstərir ki, bölgədə liderlik tədricən Çinə keçir.

Poliqon.info

Seçilən
116
10
poliqon.info

10Mənbələr