AZ

Beynəlxalq konfrans iştirakçıları Zəngilanda olublar - YENİLƏNİB

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər zamanı Zəngilanda olublar. SİA-nın bölgə müxbiri xəbər verir ki, qonaqların səfəri Ağalı kəndindən başlayıb. Səfər iştirakçıları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və nümayəndəliyin əməkdaşları tərəfindən qarşılanıb. Səfər iştirakçılarına Ağalı kəndi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, yaşayış məntəqəsi “Ağıllı kənd” layihəsi əsasında salınıb və burada yeni evlər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb. Bildirilib ki, Böyük Qayıdış Proqramına əsasən ilk köçün ünvanı məhz Zəngilan rayonunun Ağalı kəndi olub. Hazırda kənddə 175 ailə olmaqla 871 nəfərin məskunlaşdığı diqqətə çatdırılıb. Zəngilan ərazisində geniş tikinti-quruculuq işlərinin davam etdirildiyi bildirilib.

Daha sonra qonaqlar kənd mərkəzində milli mətbəx nümunələrinin sərgisi ilə tanış olub və təamlardan dadıblar. Sərgidə olan mətbəx nümunələri məhz kənd sakinləri tərəfindən hazırlanan məhsullar olub.

Qonaqlar Zəngilan şəhər mərkəzində inşa olunan məscidi də ziyarət ediblər. Onlara məlumat verilib ki, bu məscid məhz şəhər mərkəzində işğal dövründə dağıdılmış məscidin ərazisində inşa edilib. Dağıdılmış məscidin qalıqları isə hazırda yaddaş kimi saxlanılır və mühafizə edilir. Daha sonra konfrans iştirakçıları məsciddə ibadət ediblər.

Xatırladaq ki, ötən gün isə beynəlxalq konfrans iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığı ziyarət ediblər. Sonra qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa səfəri vaxtı beynəlxalq konfrans iştirakçıları, vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olublar.

Seçilən
27
9
sia.az

10Mənbələr