AZ

Prezident sərəncamları ilə formalaşan milli prioritetlər

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu siyasi, iqtisadi, sosial, mədəni, idman və mənəvi  prioritetlərin müəyyənləşdirilməsi ilə seçilir. Hər il Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən bir sahəyə həsr olunur. Bu təşəbbüs həm dövlət siyasətinin əsas hədəflərini cəmiyyətə aydın göstərir, həm də insanların həmin sahəyə diqqətini artırır, eyni zamanda həmin istiqamətdə dövlət və vətəndaş təşəbbüslərini birləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, bu ənənənin əsası 2007-ci ildən qoyulub. Ölkə başçısının imzaladığı sərəncamlar dövlətin strateji istiqamətini göstərməklə yanaşı, milli-mənəvi dəyərlərə önəm verildiyini də nümayiş etdirir. Məsələn, "Sənaye ili" və ya "Könüllülər ili"nin elan olunmasında məqsəd bu sahələrin inkişafına diqqəti artırmaq idisə, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili" həmin görkəmli şəxslərin yubileyini qeyd etmək üçün idi.

“Multikulturalizm ili”nin elan edilməsi Azərbaycanın tolerantlıq dəyərlərini dünyaya tanıtmaq, müxtəlif din və millətlərin sülh içində yaşadığı ölkə obrazını daha da möhkəmləndirmək məqsədi daşıyırdı. “Nəsimi ili” isə elm, poeziya və humanizmin təntənəsi kimi yadda qaldı.
“Şuşa ili”nə gəldikdə, o, Qarabağın azad edilmiş mədəni paytaxtının 270 illiyinə həsr olunmuşdu.

Bu illərin elan edilməsi yalnız rəmzi xarakter daşımır. Hər belə qərardan sonra müvafiq dövlət proqramları, layihələr, tədbirlər və sosial təşəbbüslər həyata keçirilir. Dövlət başçısının sərəncamlarına əsasən, elan olunmuş illə bağlı keçiriləcək tədbirlər planı Prezident Administrasiyası və ya Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.

İllərin tematik elan olunması ənənəsi artıq Azərbaycan üçün bir dövlətçilik simvoluna çevrilib. Hər yeni ilin adı Azərbaycanın sabahına bir mesaj, ya da yol xəritəsi kimi cəmiyyətə istiqamət verir.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda Prezident seçkilərinin keçirilməsinin ölkə miqyaslı tədbir olması ilə əlaqədar oxşar sərəncam imzalanmayıb.

Maraqlıdır, 2026-cı il nə ili elan olunacaq? Bu haqda qabaqcadan proqnoz vermək çətin olduğundan Prezidentin dekabrın sonlarında imzalayacağı sərəncamı gözləməyə məcburuq.

Azərbaycanda elan olunmuş illərin siyahısı:

2007-ci il - Gənclər ili;
2009-cu il - Uşaq ili;
2010-cu il - Ekologiya ili;
2011-ci il - Turizm ili;
2012-ci il - İdman ili;
2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili;
2014-cü il - Sənaye ili;
2015-ci il - Kənd təsərrüfatı ili;
2016-cı il - Multikulturalizm ili;
2017-ci il - İslam Həmrəyliyi ili;
2018-ci il - Azərbaycan Xalq Cümhuriyyəti ili;
2019-cu il - Nəsimi ili;
2020-ci il - Könüllülər ili;
2021-ci il - Nizami Gəncəvi ili;
2022-ci il - Şuşa ili;
2023-cü il - Heydər Əliyev ili;
2024-cü il - Yaşıl dünya naminə həmrəylik ili;
2025-ci il - Konstitusiya və Suverenlik ili.

Seçilən
7
news365.az

1Mənbələr