AZ

Qəzzada tarixi gün - Girovların dəyişdirilməsi başlayır

İsrail hökuməti Qızıl Xaç tərəfindən girov götürülən 7 israillinin bu gün səhər saatlarında azad ediləcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin sözçüsü Şoş Bedrosyan oktyabrın 11-də keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, israilli girovların azad edilməsindən dərhal sonra qarşılıqlı razılaşma çərçivəsində fələstinli məhbusların da sərbəst buraxılması nəzərdə tutulur.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp da bu gün səhər saatlarında İsrailə səfər edəcək. Səfər çərçivəsində Prezident Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü və azad ediləcək məhbusların ailələri ilə bir araya gəlməsi planlaşdırılır.

Trampın həmçinin İsrail parlamentində çıxış edəcəyi və daha sonra Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək beynəlxalq sülh sammitində iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Tramp oktyabrın 9-da verdiyi açıqlamada İsrail və HƏMAS arasında Qəzzada atəşkəsin birinci mərhələsinin razılaşdırıldığını bildirmişdi. Razılaşma Misirdə keçirilən danışıqlar zamanı əldə olunub və oktyabrın 10-da səhər saatlarında İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minib.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 8-də və atəşkəs razılaşmasına qədər Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 67 min 682 nəfər həyatını itirib, 170 min 33 nəfər isə yaralanıb.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
16
1
missiya.az

2Mənbələr