AZ

Daimi aclıq hissi ilə necə mübarizə aparmalı?

Mütəmadi qidalanmağınıza baxmayaraq, tez-tez aclıq hiss edirsinizsə, bu, bədənin kifayət qədər doğru qidalanmadığının göstəricisi ola bilər.


Pravda.az bildirir ki, hormonlardakı dəyişikliklər, mövsüm keçidləri, bağırsaq florasındakı pozğunluqlar və ya tətbiq edilən pəhriz proqramları aclıq hissinin artmasına səbəb ola bilər. Xüsusilə, şəkər və sadə karbohidratlarla zəngin qidalar qan şəkərinin tarazlığını pozaraq, tez acmağa gətirib çıxarır.


Aşağıda daimi aclıq hissi ilə mübarizədə kömək edəcək üsullar və toxluq hissini artıran qidalarla tanış ola bilərsiniz:


Daha çox balıq yeyin - Balıq yüksək keyfiyyətli zülal və omega-3 yağ turşuları ilə zəngindir. Bu da uzun müddət tox qalmağa kömək edir. Mövsümə uyğun, təzə balıq və bol yaşıl tərəvəzlərlə birlikdə istifadə etməyə diqqət edin.


Zülal qəbulunu artırın - İsveçdə aparılan bir araşdırma göstərib ki, yeməklərdə kifayət qədər zülal qəbul etmək toxluq hissini gücləndirir. Ət, balıq və yumurta kimi heyvani mənbələrlə yanaşı, mərci, noxud və lobya kimi paxlalılar da bitki mənşəli zülal mənbələridir. Xüsusilə səhər yeməyində yumurta kimi zülallı qidalar yemək gün ərzində aclığı azaldır.


Lifli qidalara üstünlük verin - Meyvələr, tünd rəngli tərəvəzlər, paxlalılar, kinoa, kətan toxumu və yulaf kimi liflə zəngin məhsullar həm toxluq hissi yaradır, həm də həzmi asanlaşdırır.


Göyərti yeməyə üstünlük verin - Pensilvaniya Universitetində aparılan araşdırmaya görə, yeməklərlə birlikdə salat yemək toxluq hissini artırır. Hər yeməkdə bol yaşıllıqlı salat əlavə etmək, hətta bəzən salatı əsas yemək kimi qəbul etmək faydalıdır.


Paxlalılardan daha çox istifadə edin - Mərci, lobya, noxud və yaşıl noxud kimi paxlalılar uzunmüddətli toxluq verir. Bu məhsulları gündəlik yeməklərə əlavə etmək aclığı azaltmağa kömək edir.


Ara yeməklərdə qoz-fındıqdan istifadə edin - Qoz, badam, fındıq və yerfındığı kimi quru çərəzlər zülal və sağlam yağlarla zəngindir. Lakin kalori baxımından yüksək olduğuna görə miqdarına diqqət etmək lazımdır.


Kiçik boşqablardan istifadə edin - Araşdırmalara əsasən, boşqabda gördüyümüz yemək miqdarı beynimizin toxluq hissini dəyişə bilir. Kiçik boşqablardan istifadə, daha az yeməklə doymaq hissini gücləndirə bilər.


Diqqətli və yavaş yeyin - Yemək zamanı telefon, televiziya kimi diqqəti yayındıran vasitələrdən uzaq durun. Qidanı ləzzətlə, yavaş-yavaş çeynəyərək yemək həm daha az porsiya ilə doymağa, həm də həzmin yaxşılaşmasına kömək edir.


Toxluq hissini artıran qidalar


Yumurta: Araşdırmalar göstərir ki, səhər yeməyində yumurta yeyən qadınlar eyni kalorili digər qidalara nisbətən daha uzun müddət tox qalırlar. Hər yumurta təxminən 6 qram zülal ehtiva edir.


Şorba: Maye tərkibli olduğu üçün yeməkdən əvvəl şorba içmək, doyma siqnallarının beyinə daha tez çatmasını təmin edir.


Avokado: Tək doymamış yağ turşuları, E vitamini və liflə zəngindir, uzun müddət tox saxlayır.


Yulaf: Səhər yeməyində südlə və ya tək halda yeyildikdə həm lif, həm də zülal təmin edir.


Mərcimək və lobya: Mürəkkəb karbohidrat və zülal tərkibli olduqları üçün uzun müddət tox saxlayır.


Qoz-fındıq və badam: Lif, zülal və sağlam yağ baxımından zəngin olduğu üçün xüsusilə ara yeməklərdə yaxşı seçimdir.


Nanə: Qoxusunun sakitləşdirici təsiri var və aclıq hissini azalda bilər. Nanə çayı və ya nanəli içkilər bu baxımdan faydalıdır.
 

Yağlı balıqlar (somon, ton, skumbriya, sardinya): Omega-3 yağ turşuları sayəsində hormon balansını və maddələr mübadiləsini dəstəkləyir.


Əminə Bayramova 

Tarix: 13 Oktyabr 2025, 14:27   
Seçilən
82
16
pravda.az

10Mənbələr