Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən qəbiristanlıq ərazisi və şəhidlər xiyabanının ətrafı baxımsız vəziyyətə düşüb. Sakinlər bildirirlər ki, uzun müddətdir ərazidə təmizlik işləri aparılmır, zibil yeşikləri quraşdırılmır. Zibillər yığılaraq qalaqlanıb və bu da həm mənzərəni korlayır, həm də sanitar vəziyyəti pisləşdirir.
KONKRET.az-a müraciət edən yerli sakinlərin sözlərinə görə, xüsusilə şəhidlər xiyabanının ətrafında yaranan bu vəziyyət insanların narahatlığına səbəb olub:
“Bura müqəddəs məkandır. Hər kəs bura ehtiramla gəlir, amma bu mənzərəni görmək adamın ürəyini ağrıdır. Qəbiristanlığın ətrafı sanki zibilliyə çevrilib”.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan təcili tədbir görülməsini, ərazinin təmizlənərək abadlaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, bu cür hallar təkcə ekoloji deyil, həm də mənəvi məsuliyyət məsələsidir. Qəbiristanlıqların və şəhidlər xiyabanlarının qorunması hər bir vətəndaşın borcudur.
Dəniz Pənahova
KONKRET.az