AZ

Liderlər Qəzza üçün toplaşdı - Əliyev də tarixi sammitdə

Prezident zirvə öncəsi Paşinyan və ərəb liderlərlə görüşdü; Yaxın Şərqdə, nəhayət, ədalətli sülh bərqərar olacaqmı?

Oktyabrın 13-də Şarm əş-Şeyxdə (Misir) Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə sülh sammiti keçirilib. Sammitə Azərbaycan və Ermənistan da dəvət olunub və dövlət başçısı İlham Əliyev Misirə səfər edib.

Sammitdə Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak ediblər.

Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt sammitdə baş nazirlər səviyyəsində iştirakları əvvəlcədən gözlənilirdi.

Həmçinin sammitə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT-nin baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də qatılacağı açıqlanmışdı.

Misir hakimiyyəti daha əvvəl açıqlamasında ölkə Prezident Abdel Fattah əs-Sisi və ABŞ lideri Donald Trampın həmsədrliyi ilə 20-dən çox ölkənin liderlərinin iştirakı ilə “Şarm əl-Şeyx Sülh Zirvəsi”nin keçiriləcəyini bildirmişdi. İran tədbirə dəvətli olsa da, hər hansı səviyyədə toplantıya qatılmaqdan imtina etmişdi.

Rusiya isə sammitdən kənarda qalıb. “Qəzzada nizamlanmaya görə təxirə salınan Rusiya-Ərəb sammiti mütləq baş tutacaq”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Rusiya Yaxın Şərq sülh prosesində istənilən formatda iştirak etməyə hazırdır. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Misirdə keçiriləcək sülh sammitində iştirak edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, zirvə başlamazdan öncə Azərbaycan lideri Şarm əl-Şeyxdə erməni baş nazir Nikol Paşinyanla söhbətləşib. Prezident Fələstin dövlətinin prezidenti Mahmud Abbasla da görüşüb.

Yaxın Şərqdə, nəhayət, ədalətli və daimi sülh bərqərar olacaqmı?

Azər Hüseynov

AĞ Partiya başqanının dini-ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, oktyabrın 13-də Qəzza ilə bağlı keçirilmiş sammit əslində Fələstin məsələsinin artıq regional deyil, qlobal səviyyəli bir problemə çevrildiyini göstərdi: “Bu sammit təkcə bölgədə baş verən humanitar faciəyə diqqət çəkməklə kifayətlənmədi, həm də beynəlxalq ictimaiyyətin vicdan sınağına çevrildi. 7 oktyabr 2023-cü ildən bəri davam edən İsrail-HƏMAS müharibəsi Fələstin torpaqlarında dərin bir humanitar böhran yaradıb. Qəzzada yüzlərlə bina dağıdılıb, minlərlə insan evsiz qalıb, on minlərlə mülki şəxs isə həyatını itirib. Bu faciə təkcə Yaxın Şərqdə deyil, bütün dünyada ciddi etiraz dalğalarına səbəb olub. Son bir il ərzində dünya ictimaiyyəti, demək olar ki, SSRİ-ABŞ qarşıdurması dövründən bəri görünməmiş dərəcədə geniş miqyaslı müharibə əleyhinə etirazların şahidi oldu. Fələstin xalqına qarşı tətbiq edilən məhdudiyyətlər, bombardmanlar və humanitar yardımın qarşısının alınması Qərb cəmiyyətlərində belə ciddi ictimai narazılıq doğurdu. Bu etirazlar təkcə Yaxın Şərqdə deyil, həm Avropa, həm də Amerika şəhərlərində geniş miqyas aldı. Minlərlə insan Fələstin bayraqları ilə küçələrə çıxaraq, Qəzza üçün ədalət və sülh tələb etdi. Xüsusilə gənclər, universitet tələbələri və humanitar təşkilatların fəalları bu prosesin önündə yer aldı. Qəzzaya doğru təşkil edilən humanitar karvanlar və yardım aksiyaları da bu həmrəyliyin rəmzinə çevrildi. Fələstinlə bağlı hadisələrdə iştirak edən çoxsaylı beynəlxalq fəallar, o cümlədən Avropa və Amerika mənşəli humanitar işçilər, İsrailin sərt nəzarətinə baxmayaraq, Qəzzaya yardım aparmaq üçün səylər göstərdilər. Onların bu cəsarətli addımı dünya mediasında böyük rezonans doğurdu və Fələstin məsələsini yenidən beynəlxalq gündəmin mərkəzinə gətirdi”.

A.Hüseynovun sözlərinə görə, Qəzza ətrafında yaranmış bu humanitar böhran və ona yönəlmiş beynəlxalq diqqət hökumətlərin siyasətinə də müəyyən təsir göstərdi: “Bir çox Qərb ölkələrinin siyasi elitaları öz ictimaiyyətlərinin təzyiqi altında Fələstin məsələsində daha balanslı mövqe tutmağa məcbur oldular. Dünya uzun illərdən sonra ilk dəfə olaraq, hökumətlərlə ictimai rəy arasında bu qədər aydın fərqin yarandığını gördü. Bu da göstərdi ki, qlobal miqyasda humanitar dəyərlərə əsaslanan ictimai təzyiq sistemi yenidən formalaşmaqdadır.

Oktyabr sammiti isə bütün bu proseslərin kulminasiya nöqtəsi oldu. Sammitin keçirilməsi Qəzzanın bərpasının təkcə regional məsələ deyil, ümumbəşəri öhdəlik olduğunu göstərdi. Burada məqsəd, sadəcə, dağıdılmış şəhəri yenidən qurmaq deyil, həm də uzunmüddətli sülhün bərqərar olmasını təmin etmək idi. Sammitdə iştirak edən ölkələr arasında Azərbaycanın da yer alması xüsusi diqqətəlayiqdir. Azərbaycanın bu prosesdə iştirakı, onun həm beynəlxalq humanitar dəyərlərə sadiqliyini, həm də sülh təşəbbüslərinə dəstək niyyətini nümayiş etdirdi. Bu, həm də Azərbaycanın balanslı və məsuliyyətli xarici siyasət xəttinin təzahürü kimi qiymətləndirilə bilər. Fələstin xalqının yaşadığı faciə, sadəcə, bir regionun yox, bütün bəşəriyyətin vicdan məsələsidir. Qəzzanın bərpası istiqamətində atılan addımlar nə qədər mühüm olsa da, bu, problemin əsas həlli deyil. Əsl sülhün bərqərar olması üçün tək bir yol var - Fələstin xalqının öz dövlətinə sahib olması".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Seçilən
1
11
musavat.com

10Mənbələr