Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər çox aktual, eyni zamanda, mürəkkəb bir mövzudur. Hakimiyyət bölgüsü bir konsepsiya kimi sadəcə funksiyaların bölgüsü demək deyil, bu, əslində cəmiyyətin maraqları əsasında məsuliyyətli yanaşmadır. Bu gün artıq bir hakimiyyət qolu digər hakimiyyət qolu arasında heç bir dominant mövqedə ola bilməz. Tarazlıq pozularsa, bu xüsusilə məhkəmə hakimiyyətinin müstəqilliyinə zərbə vura bilər. Məhkəmə hakimiyyəti digər qollar arasında münasibətləri, dialoq və əməkdaşlığı ehtiva edir. Həmçinin məhkəmə hakimiyyəti hər hansı lazımsız təmaslardan və dövlət təsirindən azad olmalıdır.
"Unikal" xəbər verir ki, bunu Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində " Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
O bildirib ki, hakimiyyətin üç qolu arasında dialoq qaçılmaz və zəruridir:"Bu gün məhkəmə hakimiyyəti bəzən Monteskye qanunlarının ruhunda qeyd olunan formadan da artıq şəkildə fəaliyyət göstərir. Bu gün insan hüquqları ilə bağlı məhkəmələrdə xeyli işlər ortaya çıxır. Hakimlərin masasında belə işlərin sayı çoxdur. Hakimiyyət qolları arasında münasibətlərdən danışırıqsa, bu müasir dövlətin sütunları kimi deyil, bu günün reallığı kimi qəbul edilməlidir. Avropa İnsan Haqları Məhkəməsi hakimiyyət bölgüsünü şübhə altına almayıb. Ancaq hər zaman qarşılıqlı tənzimləmənin əsas olduğu vurğulanıb".