AZ

Böyük Britaniyanın Qafqaz qərarı: London nəyi hədəfləyir? – İngiltərəli politoloqdan İLGİNC RƏY

Böyük Britaniya hökuməti Azərbaycan və Ermənistana qarşı tətbiq etdiyi silah embarqosunu tamamilə ləğv edib.

Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti açıqlama verib.

SSSSSSS.jpg

Bu qərar həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Xatırladaq ki, Stiven Dauti avqust ayında Azərbaycana səfər etmiş, Prezident İlham Əliyev, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirmişdi. Görüşlər zamanı iki ölkə arasında enerji təhlükəsizliyi, investisiya və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdu.

Ekspertlərə görə, Böyük Britaniyanın bu qərarı təkcə iqtisadi maraqlarla deyil, həm də geosiyasi hesablamalarla bağlıdır. Qərb ölkələrinin regionda artan aktivliyi, xüsusən də Rusiyanın təsir dairəsinin daraldılması istiqamətində atılan addımlar fonunda Londonun bu addımı strateji əhəmiyyət daşıyır. Böyük Britaniya uzun illərdir Azərbaycanla enerji və təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinə malikdir. BP şirkəti vasitəsilə Xəzər dənizində ən böyük enerji layihələrinə sərmayə yatıran London Bakı ilə əlaqələri yalnız iqtisadi deyil, eyni zamanda hərbi-siyasi səviyyədə də gücləndirmək niyyətindədir.

Digər tərəfdən, Böyük Britaniyanın Ermənistanla da diplomatik əlaqələri tarixi köklərə söykənir. London Ermənistanın Qərbə inteqrasiyasını və Rusiya təsirindən uzaqlaşmasını dəstəkləyir. Bu baxımdan, silah embarqosunun hər iki ölkəyə eyni zamanda ləğv edilməsi Londona balanslaşdırılmış vasitəçi imici qazandırır.

Maraqlıdır ki, Böyük Britaniyanın qərarı ABŞ və Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə paralel olaraq formalaşır. Vaşinqton və Brüssel də regionda yeni təhlükəsizlik konsepsiyasının qurulmasında maraqlıdır.

Siyasi müşahidəçilər vurğulayır ki, Böyük Britaniya həm Azərbaycan, həm də Ermənistanın Rusiyadan silah asılılığını azaltmaq, eyni zamanda Qafqazda Qərb mənşəli hərbi texnologiyaların yerləşdirilməsini təmin etmək istəyir. Bununla London həm regiondakı nüfuzunu artırır, həm də Moskvanın təsir imkanlarını məhdudlaşdırır.

Bəzi analitiklər hesab edir ki, Londonun qərarı post-Rusiya dövrünə hazırlıq kimi də qiymətləndirilə bilər. Yəni Britaniya artıq Cənubi Qafqazda Rusiyanın zəiflədiyi, lakin Qərbin təsirinin artdığı yeni geosiyasi mərhələ üçün mövqe tutur.

Bütün bunlarla yanaşı, Böyük Britaniyanın qərarı regionda silahlanma balansına da təsir göstərə bilər. Azərbaycan son illərdə İsrail, Türkiyə və İtaliya kimi ölkələrdən müasir texnologiyalar alır.

Ermənistan isə Fransadan və Hindistandan hərbi texnika almağa başlayıb. Britaniyanın bu bazara daxil olması Qafqazdakı silah dinamikasını tamamilə dəyişə bilər.

Bəs Azərbaycan-Britaniya münasibətlərində bu qərardan sonra hərbi əməkdaşlıq hansı istiqamətdə inkişaf edə bilər? Bu qərar regionda silahlanma yarışını sürətləndirə bilərmi?

Məsələ ilə bağlı Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson Musavat.com-a danışıb.

VATSON.png

Politoloqun fikrincə, bu qərarın arxasında bir neçə “itələyici və cəlbedici” səbəb dayanır:

“Əvvəla, embarqo Böyük Britaniyanın Azərbaycan və Ermənistan arasında gərginliyi daha da artırmaması və bu iki ölkədən birinin tərəfdaşı kimi görünməməsi üçün tətbiq olunmuşdu. Çünki bu, uzun illərdir Ermənistanın əsas təminatçısı və himayədarı olmuş Rusiya (habelə İran) ilə münasibətləri gərginləşdirmək riski daşıyırdı.

İndi isə embarqonun ləğvi Böyük Britaniyanın bölgədə yeni reallıqları qəbul etdiyini göstərir. Artıq Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibə ehtimalı çox azdır və hər iki ölkənin güclü olması Rusiyanın təsir dairəsinə, “Rusofere” adlanan orbitə yenidən qayıdış riskini aradan qaldıra bilər. Azərbaycan silahlarını çoxşaxəli mənbələrdən əldə etməyi bacarıb, Ermənistan isə uzun illərdir hərbi baxımdan Rusiyadan asılı vəziyyətdə qalıb. Bu qərar onun keçmiş imperiya asılılığından qurtulmasının son mərhələsi kimi də qiymətləndirilə bilər.
Cənubi Qafqaz getdikcə daha çox inteqrasiya olunur. Bu həm də Böyük Britaniya üçün ABŞ-la yanaşı, bölgə ilə münasibətləri dərinləşdirmək üçün bir fürsətdir. Çünki region ilk dəfədir Rusiyanın tam təsirindən çıxaraq real müstəqillik dövrünə qədəm qoyur və enerji resursları, təbii ehtiyatları və nəqliyyat dəhlizləri sayəsində qlobal səhnədə əhəmiyyətli mövqe qazanır”.

Neil Vatson qeyd edib ki, Böyük Britaniyanın və ümumilikdə Cənubi Qafqazın maraqları üçün bu bölgənin özünü müdafiə qabiliyyətinə malik olması həyati əhəmiyyət daşıyır:

“Xüsusilə də Rusiya Ukraynada qismən uğur qazandıqdan sonra özünə inamını bərpa edərsə.

Cənubi Qafqaz, xüsusilə də Azərbaycan iqtisadi baxımdan zəngin regiondur və şübhəsiz ki, bütün silah istehsal edən ölkələr onu potensial müştəri kimi görür. Lakin BP-nin rəhbərlik etdiyi enerji əməkdaşlığı nəticəsində Böyük Britaniya texnologiyasına Azərbaycanda böyük etimad var”.

Vatsonun ehtimalına görə, bu səbəbdən Böyük Britaniya istehsalı silahlar Azərbaycanda üstünlük təşkil edəcək:

“Bununla belə, mən bölgə ölkələri arasında silahlanma yarışının yaranacağını düşünmürəm. Əksinə, bu dövlətlər müstəqilliklərini qorumağın və qarşılıqlı əməkdaşlığı gücləndirməyin onların ortaq gələcəyi üçün əsas şərt olduğunu anlayırlar”.

Xalidə GƏRAY
Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr