AZ

ABŞ-İran münasibətlərində yeni gərginlik yaranır? - Terəflər eyni masaya oturmağa hələ hazır deyil

İran Qəzzada atəşkəs üzrə Misirdə keçirilən sammitdə iştirak etməməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi açıqlamasında “Biz İran xalqına hücum edən, təhdid və sanksiyaları davam etdirənlərlə əməkdaşlıq qura bilmərik” sözlərini söyləyib.

ABŞ Prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında İran rəhbərliyinə müraciət edib. O, müraciətində İranı hədəf alaraq, "Qonşuları təhdid etməyi dayandırın, silahlı qruplaşmaları maliyyələşdirməyi buraxın və İsrailin mövcudluq hüququnu tanıyın" deyə fikrini bildirib. Tramp həmçinin qeyd edib ki, İranın nüvə proqramına zərbələr İsrail-HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunmasında həlledici rol oynadı.

Trampın səsləndirdiyi bu fikirlər ABŞ-İran münasibətlərində gərginlik yarada bilərmi? Xüsusən də atəşkəs razılaşması fonunda İran necə addım ata bilər?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın "İranın nüvə proqramına zərbələr atəşkəsin əldə olunmasında həlledici rol oynadı" ifadəsi Tehran tərəfindən açıq təxribat və təhdid kimi qiymətləndiriləcək:

"İran rəhbərliyi təbii olaraq, bu kimi bəyanatları öz suverenliyinə və regional nüfuzuna qarşı yönəlmiş addım kimi görür. Görünən odur ki, Tehran Qərblə, xüsusilə də ABŞ və onun müttəfiqləri ilə diplomatik müstəvidə eyni masaya oturmağa hələ hazır deyil. Bu mövqe həm də İranın Yaxın Şərqdə baş verən hadisələrdə öz siyasi xəttini qorumaq niyyətindən xəbər verir”.

Müsahibimizə görə, Trampın ritorikası fonunda İrana qarşı növbəti hücumların baş vermə ehtimalı da istisna edilmir. Xüsusən Qəzzada əldə olunan atəşkəsdən sonra növbəti münaqişə İranla yaşana bilər.

Kamran Məmmədli: Tehran Rusiya və Çinlə daha sıx əməkdaşlıq quraraq ABŞ-nin təzyiqlərini balanslaşdırmağa çalışacaq

K.Məmmədli  hesab edir ki, ABŞ və İsrail yenidən İranın nüvə infrastrukturu, kiber sistemləri və hərbi obyektlərinə qarşı məhdud hədəfli zərbələr və ya kiber əməliyyatlar həyata keçirə bilər. Belə addımlar açıq müharibə riskini artırmadan Tehrana təzyiq göstərmək üçün effektiv vasitə sayılır:

"Eyni zamanda İran regiondakı müttəfiqləri vasitəsilə, xüsusilə Livan, Yəmən və İraq istiqamətlərində cavab xarakterli addımlar ata bilər. İran birbaşa hərbi eskalasiyadan yayınmağa çalışır. Çünki anlayır ki, hazırkı durumda ABŞ ilə baş edəcək gücdə deyil”.

“Bu səbəbdən Tehran diplomatik səviyyədə Rusiya və Çinlə daha sıx əməkdaşlıq quraraq ABŞ-nin təzyiqlərini balanslaşdırmağa çalışacaq", - deyə Kamran Nəmmədli izah edib.

Onu da qeyd edək ki, İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Misirdə keçirilən sammitdə İrana qarşı səsləndirdiyi bəyanatları əsassız, məsuliyyətsiz və biabırçı adlandırıb.

Gülşən Şərif

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr