Bakı, 14 oktyabr, AZƏRTAC
Bir neçə il öncə istismar müddətinin başa çatması səbəbindən fəaliyyəti dayandırılmış və ərazidən yığışdırılmış böyüklər üçün nəzərdə tutulmuş attraksionlar Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayır.
AZƏRTAC xəbər verir ki, ictimai marağı nəzərə alaraq, Dənizkənarı Bulvar İdarəsi ərazidə yenidənqurma və bərpa işləri həyata keçirib. Nəticədə tamamilə yeni tərtibatda və müasir dizaynda yaradılmış əyləncə zonası ənənəvi məkanında ziyarətçilərin ixtiyarına verilir.
Yeni attraksionlar ziyarətçilərə rahat və innovativ sistemlər əsasında xidmət göstərəcək. Ənənəvi kassa ilə yanaşı, bilet terminalları da quraşdırılıb. Ziyarətçilər bu terminallar vasitəsilə cəmi üç toxunuşla bilet əldə edə biləcəklər. Yeni sistem insanların sıxlığının idarə olunmasına və şəffaflığın təmin edilməsinə xidmət edir.
Attraksionlar bütün texniki normalara və müasir təhlükəsizlik tələblərinə tam cavab verir. Bununla yanaşı, onların istismarı gündəlik əsasda texniki baxışdan keçiriləcək. Təhlükəsizliklə bağlı bütün texniki reqlamentlərin tələblərinə riayət olunub. Əyləncə zonasında Dənizkənarı Bulvarın ümumi üslubuna və dizayn koduna uyğun formada köşklər də quraşdırılıb.
Attraksionlardan yalnız boyu minimum 120 santimetr olan şəxslər istifadə edə bilərlər. Hamilə qadınlar, ürək, boyun və bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar və alkoqolun təsiri altında olan şəxslərin attraksionlardan istifadəsinə icazə verilmir.