Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bəs Ramiz Mehdiyevə hansı cəza gözləyir?
Hüquqşünas Elşad İsayev Mynews.az-a açıqlamasında bildirib ki, Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir:
"Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Digər maddə Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsidir ki, dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
E.İsayev qeyd edib ki, dgər maddə isə hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədir ki, on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.