Zaur İbrahimli: “Paşinyan iqtidarının bu cür siyasəti hazırda davam edən və güclənən sülh trendinə cavab verir”
Qarabağdan könüllü köçüb gedən ermənilərin ətrafında yaradılan süni ajiotaj, deyəsən, tədricən zəifləyir. Ermənistandakı qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər, xaricdəki müəyyən qüvvələr, beynəlxalq qurumlar, erməni diaspor və lobbi təşkilatları, erməni kilsəsi onları əllərində alət edib Azərbaycana hansısa təzyiqlər göstərməyə cəhd edirlər, hətta bəziləri ermənilərin Qarabağa qayıtmasını istəyir.
Onların Qarabağı könüllü tərk etmələrini nəzərə almadan onlara məcburi köçkün, qaçqın statusu verilməsini də tələb ediblər. Amma artıq Ermənistan hökuməti reallığı qəbul edir və Qarabağdan köçüb getmiş ermənilərin bu ölkədə yaşamalı olduğunu deyirlər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib ki, Ermənistan hökuməti Qarabağdan köçən insanların inteqrasiyası istiqamətində səylərini davam etdirir. “Qarabağdan köçən ermənilərin Ermənistan Respublikasına tam inteqrasiya edib bərpa olunmaları və ya həyatlarını davam etdirmələri üçün ciddi səylər göstəririk”.
Artıq ermənilər özləri də bilir ki, yalandan hay-küy salmaqla deyil, Ermənistanda yaşamalıdırlar, iddia etdikləri şərtlər daxilində geri qayıtmaq şansları yoxdur.
Qeyd edək ki, Finlandiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristi Narinen bu ilin sentyabrında keçirilən “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma - 2025” beynəlxalq konfransı çərçivəsində erməni mətbuatına müsahibəsində Qarabağdan köçən ermənilərin öz həyatlarını Ermənistanda qurmalı olduğunu bildirirdi.
“İrəvan artıq reallıqları qəbul edir”
Ekspert Zaur İbrahimli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin könüllü şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ ərazisini tərk etdiyi barədə çoxsaylı təkzibolunmaz dəlil və sübutlar var.
“Paşinyan iqtidarının bu cür siyasəti hazırda davam edən və güclənən sülh trendinə cavab verir. Bu, ilk növbədə, yaranmış vəziyyət və şərtlərlə əlaqədardır. Əvvəlcə Ermənistan Qarabağdan könüllü köçmüş ermənilərin guya zorakı üsullarla köçməyə məcbur edilməsi barədə təbliğat apardı. Lakin sonradan BMT-nin faktaraşdırıcı missiyası, eləcə də əksər beynəlxalq təşkilatlar bu iddiaları təkzib etdilər. Həmçinin ermənilərin könüllü şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ ərazisini tərk etdiyi barədə çoxsaylı təkzibolunmaz dəlil və sübutlar var. Ermənilər faktiki olaraq Azərbaycan Respublikası vətəndaşı kimi yaşamaq hüququndan imtina etdilər. Çünki Azərbaycan bəyan etmişdi və inteqrasiya planı açıqlamışdı. Bu plana görə, Qarabağda məskunlaşmış ermənilər hərbi cinayətlərdə iştirak etməmişdilərsə Azərbaycan vətəndaşlığı almaq hüququna malik idilər”.
Z.İbrahimli qeyd etdi ki, lakin onlar bu hüquqdan yararlanmadılar, könüllü şəkildə köçüb getməyə üstünlük verdilər. Ekspert bildirdi ki, bu məsələnin Ermənistan tərəfindən qaldırılmasının xüsusi perspektivi də yox idi. “Hazırda qeyd etmək olar ki, İrəvan artıq reallıqları qəbul edir. Bu, özlüyündə çox mühüm hadisədir, qarşılıqlı etimadın möhkəmləndirilməsi və gücləndirilməsi yolunda atılan ciddi addımlardan biridir. Əgər bu cür vədlər, sözlər yalnız kağızda qalamayacaqsa və real addımlar atılacaqsa, bu, sülh prosesinə əhəmiyyətli bir töhfə olardı. Paşinyan iqtidarı doğrudan da sülh öhdəliklərinə sadiqdirsə bu cür siyasəti davam etməlidir, həmçinin, bu məsələni Ermənistandan kənarda qaldıran qüvvələrə qarşı da öz reaksiyasını bildirməlidir”.
Z.İbrahimli hesab edir ki, bu cür addımlar ikitərəfli münasibətlərdə etimad mühitini gücləndirir və müəyyən bir inam yaradır.
İradıə SARIYEVA