Qarabağ uğrunda mübarizə, əslində, həm də Azərbaycanın müstəqilliyi, suveren dövlət kimi yaşaması uğrunda mübarizə olub!
Erməniləri Azərbaycana məxsus torpaqlarda yerləşdirərək onlara forpost dövlət yaratmaq ideyası əvvəl çar Rusiyasının, sonra sovet Rusiyasının məkrli planı idi.
Bunda bir neçə məqsəd güdülürdü:
Əvvəla, əlaltı dövlət olan Ermənistan vasitəsilə bölgədə münaqişə ocağı yaradaraq onu qaynar vəziyyətdə saxlamaq, bu münaqişə vasitəsilə hər iki tərəfə təzyiq göstərməklə onları daimi itaət altına salmaq;
İkincisi, Ermənistanda rus hərbi bazası yaratmaqla Türkiyəni təhdid altında qoymaq;
Ən nəhayət, türk dünyasını parçalayaraq onların quru yolla bir-birlərindən əlaqələrini kəsmək, əl-ələ verərək birgə inkişaflarının qarşısını almaq idi!
Hər dəfə əlverişli məqam yarananda Rusiyanın köməyilə Azərbaycandan torpaq qoparılaraq Ermənistana pay verilirdi:
* Azərbaycan birinci dəfə dövlət müstəqilliyi qazananda Xalq Cümhuriyyətini torpaq güzəştinə vadar etdilər.
* Stalinin imzaladığı qərarla 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olundu.
* Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazananda 366-cı sovet alayının köməyi ilə əvvəlcə Qaradağlıda, Bağanıs-Ayrımda, Xocalıda soyqırımları törədildi, sonra Azərbaycanın yeddi rayonu keçmiş DQMV ilə birlikdə Ermənistanın tərkibinə qatıldı.
Bütün bunlar riyakarlıqlarla, ikiüzlülüklərlə, üzdə bir söz söyləyib, arxada başqa əməl törətməklə baş verirdi.
"Dağlıq Qarabağ münaqişəsi"nin tarixinə, müxtəlif dövr və zamanda bununla bağlı baş verən hadisələrə nəzər saldıqda müəyyən qənaətlərə gəlmək mümkündür.
Azərbaycandan ərazi qoparılmasına xidmət edən və ikili standartlardan qaynaqlanan bu münaqişə heç də yalnız iki dövlət arasında baş verməyib, daim bunda maraqlı olan digər dövlətlər də açıq və gizli formada onun iştirakçılarına çevriliblər.
Mübarizə adətən üç mühüm müstəvidə davam edib, beynəlxalq qurum və təşkilatlar prosesə müdaxilə edəndə isə həmişə tərəf tutublar, bütövlükdə ədalətin bərpası və sülhyaratma yolunda heç bir həlledici nəticəyə nail olmayıblar, əksinə, heç bunu istəməyiblər də!
***
Dünyanın güclü dövlətlərinin üzdə özlərini bitərəf, sülh istəyən kimi qələmə verərək əməldə daim tərəf tutmaları, zaman-zaman öz parlamentlərində Azərbaycana təzyiq məqsədilə müzakirələr keçirərək qərəzli sənədlər qəbul etmələri, həmsədr dövlətlərin Yeltsin, Makron, Bayden kimi prezidentlərinin Ermənistana maliyyə yardımı göstərmələri, pulsuz silah-sursatla təmin etmələri, beynəlxalq təşkilatlarda beynəlxalq hüququ unudaraq Azərbaycana siyasi təzyiqlər göstərmələri, sonradan adi kağız parçalarına çevrilən müxtəlif sənədlər qəbul etmələri, ATƏT-in Minsk qrupu adlı guya sülhyaradıcı bir təşkilat yaratmaqla münaqişəni mənasız sülh danışıqları ilə uzatmaları, beləliklə, Azərbaycanı işğal faktı ilə barışdırmaq, Ermənistana növbəti dəfə ərazi "bağışlamağ"a razı salmaq niyyəti güdürdü.
Dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən aparılan belə çirkin bir mübarizə Azərbaycanı da müxtəlif müstəvilərdə iş görməyə, müxtəlif istiqamətlərdə mübarizə aparmağa sövq edirdi.
Lakin münaqişə başlayan ilk dövrlərdən Azərbaycana başçılıq edənlərin heç də hamısı bu riyakarlıqlardan və çirkin niyyətlərdən kifayət qədər baş çıxarmırdı.
A.Mütəllibov SSRİ-nin yenə də yaşayacağına, "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" prinsipi əsasında münaqişənin mərkəz tərəfindən ədalətli şəkildə həll olunacağına inanaraq ölkədə SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirirdi.
AXC-Müsavat cütlüyünün iqtidarı isə özünü daha avam aparırdı.
"Bəylər" ölkəyə "demokratik qüvvələr"in rəhbərlik etdiyini görən dünya birliyinin onlara dayaq duraraq işğalın qarşısını alacaqlarına, münaqişəyə ərazi bütövlüyü əsasında son qoyulacağına uşaq sadəlövhlüyü ilə inanırdılar.
Bu avamlıq və sadəlövhlük onları xəyanət yoluna, Laçın və Şuşanı düşmənə təslim etmələrinə qətirib çıxardı.
Yalnız Ulu Öndər Heydər Əliyev dünyada gedən mürəkkəb prosesləri incəliklərinə qədər təhlil edir, tezliklə qırmızı imperiyanın dağılacağını və belə halda yalnız özümüzə arxalanmağın zəruriliyini bilirdi!
Odur ki, xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdarkən özünəgüvənlə uzaqgörən addımlarını atdı:
* Əvvəlcə, Azərbaycanı bir dövlət kimi məhvolmadan, əvvəllərdə olduğu kimi, kiçik xanlıqlara parçalanmadan qorudu.
* İki dəfə dövlət çevrilişi cəhdinin qarşısını aldı, əhalidəki külli miqdarda silah-sursatı yığdırdı, ölkədə möhkəm və dönməz sabitlik yaratdı.
* Daha sonra 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı keçirməklə
22 kəndi düşməndən azad etdi, bundan sonra atəşkəs müqaviləsi imzaladı.
* Beynəlxalq təşkilatlarda işi gücləndirdi, Azərbaycanın gələcək iqtisadi inkişafını təmin edəcək "Əsrin müqaviləsi"nin imzalanacağına nail oldu, eyni zamanda yeni ordu quruculuğuna başladı.
* Ən nəhayət, layiqli siyasi varisini yetişdirərək Azərbaycan xalqına məşhur müraciətini edib əbədiyyətə qovuşdu.
***
İlham Əliyev ölkənin çox ağır və çətin dövründə ölkəyə rəhbərliyə başlasa da, ilk vaxtlardan doğru və uzaqgörən addımlar atdı, nəyi necə edəcəyini dəqiq müəyyənləşdirdi, üç mühüm istiqamətdə mübarizəsini davam etdirdi!
Birinci mərhələdə əsas diqqət yetirilən məqamlardan biri Azərbaycanın sürətli və davamlı iqtisadi inkişafını təmin etmək, ölkə daxilindəki iqtisadi problemlərin həllinə nail olmaq idi.
Belə problemlər isə istənilən qədər idi:
* İşsizlik və yoxsulluq 49-50 faizə çatırdı.
5-6 faizədək endirildi.
* Elektrik enerjisi çatışmazlığı vardı, regionların enerji təchizatında daimi fasilələr təkcə məişətdə çətinliklər yaratmır, həm də aqrar sahənin və sahibkarlığın inkişafına əngəl törədirdi.
Regionların inkişafına dair bir-birinin ardınca dörd dövlət proqramı qəbul olundu, sistemli enerji təchizatı qaydaya salındı, sahibkarlar üçün münbit şərait yaradıldı, üstəlik, ölkəmizdə yeni yol infrastrukturunun yaradılması başa çatdırıldı.
* Rusiya Azərbaycana təbii qaz ixracını dayandırdığından əhali böyük çətinliklərlə üzləşirdi.
Tezliklə bu problem də aradan qaldırılmaqla ölkə üzrə qazlaşdırma 95 faizi keçdi, hazırda Azərbaycan 14 dövlətə təbii qaz ixrac edir.
* Məcburi köçkünlərin bir qismi ağır şəraitdə, sosial qayğılar məngənəsində yaşayırdı.
Prezident İlham Əliyev "Bir nəfər də olsun çadır şəhərciyində yaşamayacaqdır" vədini qısa müddətdə icra etdi, 116 yeni yaşayış kompleksi və qəsəbə salınaraq 300 mindən artıq məcburi köçkünün həyat şəraiti yaxşılaşdırıldı, dövlətin onlara sistemli qayğı və dəstəyi təmin olundu.
* Enerji resurslarından əldə olunan gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişaf lokomotivinə çevrildi.
Məqsədyönlü və uzaqgörən tədbir, bazar iqtisadiyyatına keçidin doğurduğu nəticələr qısa zaman kəsiyində tarixinin ən qüdrətli Azərbaycanının yaradılması ilə nəticələndi.
***
Azərbaycan siyasi-diplomatiya sahəsində də böyük uğurlara imza atdı.
Yaxın-uzaq dövlətlərlə bir-birinin suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqları təmin etmək prinsiplərinə əməl etməklə qurulan əməkdaşlıq tezliklə öz bəhrəsini verdi, Azərbaycanla dostluq əlaqəsi quranların və mövqeyini müdafiə edənlərin sayı xeyli artdı.
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hücum diplomatiyasına keçid, beynəlxalq təşkilatlarda fəallığımızın artırılması həm tərəfdarlarımızın sayını çoxaltdı, həm də düşmənin əvvəlkitək sərbəst fəaliyyətinə ciddi maneə törətdi.
Xüsusən də Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclaslarına, habelə İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına rəhbərliyi dövründə çoxluğun maraqlarına xidmət edən təşəbbüslər irəli sürməsi, inkişaf etməkdə olan ölkələrin mənafelərini qoruyan qətiyyətli addımlar atması Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, çəkisinin artmasına səbəb oldu.
***
Çoxcəhətli istiqamətlərdə fəaliyyət göstərən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasının özü üçün birnömrəli vəzifə olduğunu kimsədən gizlətmirdi.
Bütün görüş və tədbirlərdə, danışıqlarda torpaqların sülh yolu ilə qaytarılmasının baş tutmayacağı təqdirdə digər vasitələrə əl atacağını açıq şəkildə bəyan edirdi.
Yeni ordu quruculuğu, Azərbaycanın hərbi gücünün artırılması da əsas hədəflərdən biri sayılırdı.
Yaranan iqtisadi imkanlardan səmərəli istifadə edən dövlət başçısı daim müasir ordu yaradılması məsələləri ilə ciddi məşğul olurdu.
* Bu münvalla yeni gənclər nəsli tərbiyə olundu, onların da yaxından iştirak etdiyi müasir ordu quruldu.
* Ordu ən yeni texnologiyalara əsaslanan silah və sursatlarla təmin edildi.
* Yeni və çoxsaylı xüsusi təyinatlılar dəstəsi, Komando hissələri təşkil olundu.
* Ordu yeni taktika və strategiya ilə təmin olunaraq müntəzəm hərbi təlimlər keçirməklə hər an torpaqların işğaldan azad edilməsində hazır vəziyyətə gətirildi.
2016-cı ilin aprelində dördgünlük müharibədə düşmənə sarsıdıcı zərbələr endirilərək bir sıra strateji əhəmiyyətli mövqelərin ələ keçirilməsi artıq ən müasir ordu quruculuğunun başa çatdırılmasından xəbər verirdi.
Doğrudur, düşmən baş verənlərdən lazımi nəticələr çıxara bilmədi, sülhə gəlmədi.
Amma tezliklə öz ağılsız əməllərinin bədəlini döyüş meydanında ödəməli oldu!
***
Cəmi 44 gün davam edərək Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində də əsas mübarizə üç istiqamətdə aparıldı.
Ermənistan müdafiəçilərinə və dəstəkçilərinə güvəndiyindən torpaqları sülh yolu ilə qaytarmağa razılaşmır, Qarabağa daxil olmayan iki rayon da daxil "Artsax" adlandırdıqları qondarma quruma müstəqillik verilməsini tələb edirdi.
Lovğalanaraq özlərini "məğlubedilməz xalq", "məğlubedilməz ordu" adlandırırdılar.
Hətta o qədər qudurmuşdular ki, bizi "yeni müharibə, yeni ərazilər olacaq" deyə növbəti işğalla hədələyirdilər.
Növbəti təhdidləri strateji ixrac boru kəmərlərimizlə bağlı oldu.
Ən nəhayət, baş nazir Paşinyan içib sərxoş olaraq "Qarabağ Ermənistandır və nöqtə" söylədi.
Azərbaycan 44 gün ərzində hansı ordunun güclü və məğlubedilməz olduğunu, Qarabağın, əslində, kimə məxsusluğunu sübuta yetirdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə "məğlubedilməz" ordunu darmadağın edərək diz çökdürdü, düşmənin qarşısına öz şərtlərini qoyaraq ona kapitulyasiya aktını imzalatdırdı!
Azərbaycan XXI əsrin ən yeni müharibəsini apardı, nümunəvi, başqalarına örnək olan müharibə apardı, müharibələr tarixinə qızıl hərflərlə yazılan, yeni strategiya və taktikanın tətbiq edildiyi müharibə apardı.
Bu müharibənin fərqləndirici cəhətlərindən biri də o idi ki, təkcə hərb meydanında getmirdi.
Diplomatiya sahəsində də müharibə aparılırdı.
Ermənistanın dostu sayılan dövlət başçıları dayanmadan Azərbaycan Prezidentinə zənglər edir, hərbi əməliyyatların dərhal dayandırılmasını xahiş edir, bu baş verməyəndə təzyiqə can atır, hətta təhdid belə edirdilər.
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsini heç nə sarsıda bilməzdi.
Şuşa işğaldan azad ediləndən və düşmənin iyirmi minlik ordusu real məhvedilmə təhlükəsi ilə üzləşəndə Müzəffər Ali Baş Komandanımızın bütün şərtləri, ilk növbədə düşmən qoşunlarının ərazilərimizdən çıxarılma qrafiki təqdim olunandan, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan geri qaytarılandan sonra hərbi əməliyyatlar dayandırıldı.
44 günlük Zəfər müharibəsi dövründə informasiya müharibəsində də amansız çarpışmalar getdi.
İlham Əliyev bu cəbhənin də yeganə baş qəhrəmanı oldu!
Otuzdan çox dünya KİV-inə, o cümlədən telekanallara və informasiya agentliklərinə müsahibələr verdi.
Ondan müsahibə alan müxbirlərin böyük əksəriyyəti ermənipərəst mövqedə duraraq qərəzli yanaşmalar sərgiləyirdilər!
Lakin cənab İlham Əliyev bütün sualları konkret faktlar əsasında cavablandıraraq yalanları ifşa etdi, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün ermənipərəst KİV-in öz tribunalarını özlərinə qarşı çevirdi!
Beləliklə, Azərbaycana hər üç müstəvidə qələbə sevinci yaşatdı!
***
Zəfər müharibəsindən sonrakı mərhələdə də mübarizə üç istiqamətdə davam edir.
Biz sülh istəyirik!
Biz istəmirik ki, müharibə olsun!
Amma əgər sülh istəyirsənsə, müharibəyə hazır olmalısan!
Üstəlik, potensial düşmənindən daha güclü, daha yaxşı silahlanmalısan!
Müharibə qələbə ilə başa çatandan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u bütün parametrlər üzrə yenidən hazır vəziyyətə gətirdi!
Ötən ay Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu məsələyə toxunaraq açıq şəkildə bildirdi:
"Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq".
***
Siyasi-diplomatik sahədə də uğurlu işlər gedir!
Ermənistan uzun müddət üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmədi, heç həmin bəyanata vasitəçi qismində imza atan Rusiya da bunu ondan tələb etmədi...
Azərbaycan ermənipərəst vasitəçilərdən birdəfəlik imtina edərək ikitərəfli görüşlərə üstünlük verdi.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə sülhün az vaxtda reallaşacağına inam yaradır.
Əngəl yaratmaq niyyətində olan dövlətlərin isə heç biri açıq şəkildə ABŞ-yə qarşı çıxmaq, Zəngəzur dəhlizinə (TRIPP) mane yaratmaq cəsarətində deyil.
Proses davam edir.
***
Azərbaycanın iqtisadi sahədə gördüyü işlər, xüsusən Orta dəhlizin işə salınması ilə bağlı atdığı uğurlu addımlar sülh prosesinə güclü təkandır!
İlham Əliyevdən daha bir sitat:
"İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur".
Azərbaycan yeni əməkdaşlıq formatlarında uğurla iştirak edir.
Azərbaycan balanslaşdırılmış siyasət yürüdür.
Azərbaycan hamı ilə hamının maraqlarını təmin edən əlaqələr qurur.
Odur ki, iqtisadi sahədə nailiyyətləri sürətlə artır, tərəfdaşları çoxalır, siyasi nüfuzu isə daim yüksəlir.
***
44 gündə Azərbaycanın Ermənistan üzərindəki qələbəsi həqiqətən möhtəşəmdir!
Sonrakı addımlarının - ərazi bütövlüyünün təmini və dövlət suverenliyinin bərpası əməliyyatlarının da analoqu yoxdur!
Həm də Azərbaycan təkcə otuz il torpaqlarımızı işğalda saxlayan düşmən üzərində qələbəyə nail olmayıb.
* Dünya erməniliyi üzərində zəfər çalıb!
* Ermənistanın müdafiəçiləri, dəstəkçiləri üzərində zəfər çalıb!
* Artıq ləğv edilmiş ATƏT-in Minsk qrupunun simasında münaqişəni qərəzli və məqsədli şəkildə uzadan beynəlxalq təşkilatlar üzərində zəfər çalıb!
* İkili standartlar üzərində zəfər çalıb!
Separatizmin üzərində qələbə nümunəsini ortaya qoyub!
Bu gün isə öz qələbələrini iqtisadi sahədə davam etdirmək, dünyaya əməkdaşlıq nümunəsi, faydalı layihələr gerçəkləşdirmək nümunəsi də göstərir!
Çalışdığı bütün sahələrdə, mübarizə apardığı bütün müstəvilərdə sülhə, insanlığa, xalqların rahat və firavan sabahına töhfələr verən addımlar atır.
Onun uğur və nailiyyətlərinin əsas səbəblərindən biri də məhz bunlardır.
Bəxtiyar SADIQOV