AZ

Aİ siqaret filtrlərini və elektron siqaretləri qadağan etmək istəyir...

ÜST-ün tövsiyələri Avropada tütün sənayesinə qarşı yeni məhdudiyyətlərə səbəb ola bilər…

Poliqon xəbər verir ki, Bild nəşrinin məlumatına görə, Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanaraq, filtrli siqaretlərin və elektron siqaretlərin istehsalı, idxalı və satışını qadağan etməyi planlaşdırır. Qadağanın məqsədi tütün istehlakını azaltmaq və ictimai sağlamlıq siyasətini gücləndirməkdir.

Aİ Şurasının noyabr ayında Cenevrədə keçiriləcək ÜST konfransında müzakirəyə çıxarılacaq qətnamə layihəsində qeyd olunur.

“Filtrlü siqaretlərin istehsalına, idxalına, yayımına və satışına qoyulacaq qadağa tütün istifadəsinin azalmasına mühüm töhfə verəcək. Elektron siqaretlərin qadağan edilməsi isə əlavə tənzimləmə variantı kimi nəzərdən keçirilir”, deyə qətnamədə bildirilir.

Sənəddə həmçinin ÜST-ün tütün məhsullarının tənzimlənməsi üzrə tədqiqat qrupunun hesabatına istinad edilir. Hesabatda bildirilir ki, siqaret filtrləri tütünün dad xüsusiyyətlərini və cəlbediciliyini azaltdığı üçün onları tamamilə qadağan etmək tövsiyə olunur.

Məlumata görə, Almaniyada siqaretlərin təxminən 95 faizi filtrlə istehsal olunur. Bu səbəbdən Aİ-nin təklif etdiyi yeni tənzimləmə qəbul olunsa, bu, praktik olaraq siqaret satışının tam qadağan edilməsi anlamına gələcək.

Qadağa təşəbbüsü Avropa ictimaiyyətində mübahisələr doğurub. Səhiyyə ekspertləri bu addımı “ictimai sağlamlıq üçün mühüm addım” kimi qiymətləndirsələr də, tütün sənayesi nümayəndələri bunun qeyri-real və iqtisadi baxımdan dağıdıcı qərar olacağını bildirirlər.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr