Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, qubernatorun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə RBC-yə bildirib.
"Şərh yoxdur", - Hüseynov nəşrə bildirib.
Hüseynovun 56 yaşı var. O, Gəncədə doğulub böyüyüb və son 20 ildə Ulyanovskda yaşayır. 2005-ci ildən diaspora rəhbərlik edir.
2015-ci ildə Hüseynova qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qeydiyyatında külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, bazar qiyməti 6 milyon rubl olduğu halda 776 min rubla bələdiyyə sahəsi alıb və vəd etdiyi otelin əvəzinə yaşayış binası tikməyə başlayıb. Məhkəmə onu dələduzluqda təqsirli bilib və 4 il sınaq müddəti və 1 milyon rubl cərimə kəsərək, çirkli pulların yuyulmasında bəraət verib. Hüseynov özünü təqsirli bilməyib.