AZ

Tramp soyuq savaş dan soyuq sülh ssenarisinə keçir: Ağ Ev sahibi qlobal düzənin yeni geopolitik xəritə sini çəkir

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstanda Tramp-Putin görüşü baş tutarsa, bu, ABŞ-Rusiya münasibətlərində yeni siyasi-diplomatik dövrün başlanğıcı olacaq... Bu halda, dünyada "soyuq müharibə"nin deyil, məhz “soyuq sülh”ün təsir faktorları barədə danışmaq daha məntiqli xarakter daşıyacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı ətrafında qeyri-müəyyən situasiya davam edir. Son vaxtlar Rusiyanı daha sərt sanksiyalarla və Ukraynaya ən müasir hücum silahları verməklə təhdid edən ABŞ-ın mövqeyində nisbi yumşalma müşahidə olunur. Üstəlik, Tramp-Putin birbaşa dialoqu da yenidən başlayıb. Və bu baxımdan, ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin yaxın vaxtlarda məhz Macarıstandan başlaya biləcəyi də artıq qətiyyən istisna deyil.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə apardığı son uzunmüddətli telefon danışığı beynəlxalq gündəmi silkələyib. Ağ Ev sahibinin “hazırda prezident Vladimir Putinlə danışıram. müzakirə kifayət qədər uzundur” sözləri iki lider arasında sadəcə, müharibə mövzusunun deyil, həm də qlobal geopolitik nizamın yenidən qurulması ilə bağlı proseslərin müzakirə olunduğunu göstərir.

 

Ağ Evdən verilən məlumata görə, prezident Donald Tramp və Rusiya lideri Vladimir Putin gələn həftə yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəliblər. Həmin görüşün Macarıstanda baş tutacağı gözlənilir. Prezident Donald Tramp bildirib ki, danışıqlar zamanı “Ukrayna savaşı başa çatdıqdan sonra ABŞ-Rusiya ticarət əlaqələrinin bərpası və genişlənməsi” kimi mövzuları da ətraflı müzakirə edib. Və Ağ Ev sahibinin “sanksiyaları daha da sərtləşdirməyə ehtiyac olmaya bilər” deməsi, ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdırmağaüstünlük verdiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Tramp-Putin görüşü üçün Macarıstanın seçilməsi də təsadüfi deyil. Belə ki, baş nazir Viktor Orbanın həm Kremllə, həm də Ağ Ev ilə isti münasibətləri Macarıstanı ABŞ və Qərbin Rusiya ilə dialoqu üçün yeganə Avropa platformasına çevirib. Macarıstan Avropa Birliyində Rusiyaya qarşı sanksiyaların uzadılmasına ən çox etiraz edən ölkələrdəndir və özünü “Avropanın sülh səsi” kimi təqdim edir. Və bu baxımdan, Budapeştdə keçiriləcək görüş sülh diplomatiyasının rəsmi start nöqtəsi ola bilər.

Maraqlıdır ki, prezident Donald Tramp uzun fasilədən sonra ilk dəfə Rusiya ilə münasibətləri məhz iqtisadi əməkdaşlıq müstəvisində müzakirə etməyə başlayıb. O, açıq şəkildə bildirib ki, “Ukrayna müharibəsi bitdikdən sonra iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibdir”. Bu, Ağ Evin sanksiya siyasətindən “iqtisadi diplomatiya” modelinə keçid niyyətini biruzə verir. Prezident Donald Trampın ritorikasında sanksiyaların daha da sərtləşdirilməsinə “zərurətin olmaması” barədə mesajı ABŞ-ın Avropadakı müttəfiqlərinə də siqnaldır. Ağ Ev müharibə dövrü siyasətinin tədricən yerini münaqişədən sonrakı iqtisadi düzənə verdiyinə eyham vurur.

 

Ona görə də, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun son açıqlaması maraq doğurur. Çünki o, bildirib ki, prezident Vladimir Putin Ağ Ev sahibi Donald Trampla söhbətində “Tomahawk” raketlərinin cəbhədəki vəziyyəti dəyişməyəcəyini, əksinə, Rusiya-ABŞ münasibətlərinə mənfi təsir göstərəcəyini vurğulayıb. Kremldən verilən bu mesaj Rusiyanın müharibəni artıq diplomatik masa arxasında həll etmək niyyətini sezdirir. Və bu, Kremlin yeni diplomatik mərhələyə ciddi şəkildə hazırlaşdığını təsdiqləyir.

Digər tərəfdən, Tramp-Putin danışıqları ilə eyni vaxtda Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri də maraq doğurur. Belə ki, prezident Volodimir Zelenski özü bu barədə açıqlama verərək, ABŞ-da müdafiə sənayesi şirkətləri ilə görüşlər keçirəcəyini, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükünü müzakirə edəcəyini bildirib. Onun prezident Donald Tramp ilə də görüşəcəyi açıqlanıb. Bu görüşdə Ukrayna lideri şübhəsiz ki, Tramp-Putin dialoqunun detalları barədə məlumat almağa çalışacaq. Belə anlaşılır ki, “ikili formatda diplomatiya” başlayıb. Və bir masa ABŞ-Rusiya münasibətlərinə, digəri isə ABŞ-Ukrayna koordinasiyasına həsr olunub.

Göründüyü kimi, Tramp administrasiyası “müharibədən iqtisadi sabitliyə keçid” strategiyasına üstünlük verir. Əsas məqsəd Ukrayna savaşını “dondurulmuş münaqişə” vəziyyətinə gətirməkdir. Bu halda, Ağ Ev Kreml ilə iqtisadi dialoqu bərpa etmək və bu yolla həm Çin-Rusiya yaxınlaşmasını zəiflətmək, həm də ABŞ-ın Avropadakı təsirini yenidən gücləndirmək imkanları qazana bilər. Bu strategiya bir neçə əsas xətt - sanksiyaların tədricən yumşaldılması, ABŞ-Rusiya enerji və ticarət əlaqələrinin bərpası, Avropada Macarıstan, Serbiya və Slovakiyanın timsalında yeni vasitəçilərin önə çıxarılması və Çinə qarşı geoiqtisadi balansın yaradılması üzərində qurulub.

 

Əgər, Tramp-Putin görüşü yaxın vaxtlarda baş tutarsa, bu, təkcə Ukrayna münaqişəsinin gedişatına deyil, həm də Avrasiyanın geopolitik arxitekturasına təsir göstərə bilər. Çünki yeni Tramp-Putin dialoqu böyük güclər arasında "sülh diplomatiyası"nın bərpası üçün ilkin siqnal rolunu da oyna bilər. Prezident Donald Trampın “danışıqlar kifayət qədər uzun və məhsuldar keçdi” deməsi isə Ağ Evin artıq sanksiya və təzyiq ritorikasından uzaqlaşmağa çalışdığını göstərir.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtondakı fəallığı onu göstərir ki, rəsmi Kiyev də prosesin kənarında qalmaq istəmir. Yəni, rəsmi Kiyev mümkün “Tramp-Putin razılaşması”nda Ukraynanın maraqlarını qorumağa cəhd göstərir. Çünki Macarıstanda planlaşdırılan görüş reallaşarsa, bu, ABŞ-Rusiya münasibətlərində yeni diplomatik dövrün başlanğıcı olacaq. Və bu halda, dünyada "soyuq müharibə"nin deyil, məhz “soyuq sülh”ün təsir faktorları barədə danışmaq daha məntiqli xarakter daşıyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
olke.az

10Mənbələr