AZ

ZƏFƏR gündəliyi

İlham ƏLİYEV:  "Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı"

18 oktyabr

Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Düşmənin hərbi hissəsi ələ keçirilib

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhəboyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayıb.

Prezidentdən xalqa növbəti müjdə

Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində daha  bir paylaşım edib: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Mehriban ƏLİYEVA: "Dünya Azərbaycan xalqının yenilməz iradəsinin, Vətənə sadiqliyinin şahididir"

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" hesabında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib: "Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"

Düşmənin "Su-25" hücum təyyarəsi məhv edilib

Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti "Su-25" hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Mehriban ƏLİYEVA: "Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm"

"Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir".

Bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında etdiyi növbəti paylaşımda öz əksini tapıb. 

Paylaşımda həmçinin deyilirdi: "Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Erməni xüsusi təyinatlıları döyüşdən imtina edərək qaçıblar

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərlərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilib.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnika və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunub.

Videonun son kadrlarında düşmən səngərləri tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərlərinin irəliləməsi aydın görünür.

Horadiz istiqamətində düşmənin PUA-sı məhv edilib

Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Hərbçilərimiz Füzuli şəhərində bayrağımızı qaldırıblar

Müdafiə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması, eləcə də Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının foto və videogörüntülərini yayıb.

19 oktyabr

Gecə saatlarında bütün cəbhəboyu döyüşlər davam edib.

Gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları aparılıb. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub. Azərbaycan Ordusunun fəaliyyətləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Erməni hərbi birləşmələri geri çəkiliblər

Bir çox istiqamətdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıblar. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da olub. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.

Prezidentdən növbəti müjdəli xəbər

Prezident İlham Əliyev xalqa müjdəli xəbər verib. Ali Baş Komandan rəsmi "X" səhifəsində yazıb: "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"

Ali Baş Komandan DSX-nin hərbi qulluqçularını təbrik edib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Tovuz və Daşkəsən rayonları atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Saat 11:10-dan başlayaraq, Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqeləri iriçaplı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə qeyd edilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamətlə və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Nazirlik bildirib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər: "Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

Ermənistan razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini pozub

"Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub".

Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" hesabında bildirir.

Dövlət başçısı qeyd edir ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: "Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib".

Müzəffər Ali Baş Komandandan Ermənistana növbəti dərs

Prezident İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinə videomüsahibə verərək Ermənistanın elan olunan atəşkəsi növbəti dəfə pozmasını faktlara əsasən izah edib.   

İlham Əliyev deyib ki, Moskva danışıqlarından sonra Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışıb. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub: "Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə, o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi".

Prezident bir daha Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq edib: "Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki gec deyil, nə qədər ki qarşımızda diz çöküb, bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var".

20 oktyabr

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edib.

Gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Düşmənin yüksəkrütbəli zabitləri məhv edilib

Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 

Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri, kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

Artilleriya bölmələrimiz Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirib. 246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Üazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.

İlham ƏLİYEV: "Düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür"

Prezident İlham Əliyev xalqa müraciət edib. 

Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığını söyləyən Ali Baş Komandan vurğulayıb ki, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görüb. 

"Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq", deyən Prezident xoş xəbərlər verərək işğaldan azad edilən növbəti yaşayış məntəqələrinin adlarını açıqlayıb: 

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. 

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Prezident Vəng kəndinə yeni Azərbaycan adı verib: "Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!"

Mehriban Əliyeva Zəngilan şəhərinin azadlığı münasibətilə xalqı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi "İnstaqram" səhifəsində paylaşım edib: "Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Gəncə və Goranboy ərazilərində 2 PUA zərərsizləşdirilib

Gün ərzində düşmənə məxsus 2 PUA zərərsizləşdirilib.

Axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Saat 19:30 radələrində isə düşmənə məxsus növbəti PUA Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Düşmənin muzdlulardan ibarət "Legion" dəstəsi döyüşdən imtina edib

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində düşmənin 2-ci motoatıcı alayının müdafiə sahəsində bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

18-ci motoatıcı diviziyanın müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion" dəstəsi və ehtiyatdan çağrılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina ediblər. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik ediblər.

Bundan əlavə, düşmənin 10-cu dağatıcı diviziyasının müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdəikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
73
azerbaijan-news.az

1Mənbələr