Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müqəddəs Taxt-Taca-Vatikana rəsmi səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi. Roma Papası XIV Leo ilə görüş zamanı Azərbaycan ilə Vatikan arasında son illərdə formalaşan yüksək səviyyəli münasibətlərin önəmi vurğulandı. Qeyd edildi ki, iki tərəf arasında əlaqələr humanitar və mədəni müstəvidə dinamik inkişaf mərhələsinə qədəm qoyub, qarşılıqlı etimad və hörmət prinsipləri üzərində qurulub.
Birinci vitse-prezident diqqəti Heydər Əliyev Fondunun son illərdə Vatikanla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bir sıra mühüm layihələrə yönəltdi. Bu layihələr təkcə mədəni irsin bərpasını deyil, həm də elmi araşdırmaların, mədəni mübadilələrin və dini-mədəni dialoqun genişləndirilməsini əhatə edir. Heydər Əliyev Fondunun Vatikanla birgə imzaladığı sazişlər əsasında bir çox bərpa və konservasiya layihələri uğurla başa çatdırılıb, bəzilərinin icrasına isə artıq başlanılıb. Bu fəaliyyət, Azərbaycanın dünya mədəni irsinin qorunması və dinlərarası harmoniya dəyərlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətinin tərkib hissəsidir. Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırdı. Roma Papası bir neçə il əvvəl Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini, Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Mehriban xanım Əliyevanın Vatikanda keçirdiyi görüşlər Azərbaycan-Vatikan münasibətlərinin dünəninin, bugününün və perspektivlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi, Vatikanın dövlət katibi kardinal Pietro Parolin, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini və digər rəsmilər ilə görüşlərdə Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyi önə çəkildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində də iştirak etdilər. Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən, tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğuladı. Azərbaycanın vitse-prezidenti səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdi. Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikana səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Azərbaycanın humanitar diplomatiyasının növbəti parlaq nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfəri barədə "X" hesabında etdiyi paylaşımında bu məqama toxunub. Prezidentin köməkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib. Bildirib ki, bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir. Müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycan bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsidir.
7Mənbələr
-
yenisabah.az“Mehriban Əliyevanın Vatikana səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır” ( 22554955)
-
baki-xeber.com"Mehriban xanım Əliyevanın Vatikana səfəri ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir" - Vüqar Rəhimzadə ( 22553587)
-
nocomment.azMehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir – RƏY ( 22552561)
-
hit.azMehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir - RƏY ( 22552522)
-
demokrat.az"Mehriban Əliyevanın Vatikana səfəri ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir" ( 22552225)
-
icma.azVüqar Rəhimzadə: Mehriban xanım Əliyevanın Vatikana səfəri ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir ( 22551877)
-
ikisahil.azVüqar Rəhimzadə: Mehriban xanım Əliyevanın Vatikana səfəri ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir ( 22551679)