AZ

Ersin Tatar prezident seçkisini niyə uduzdu?-TƏHLİL

Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərində Türkiyə hökumətinin dəstəklədiyi namizəd, indiki prezident Ersin Tatar böyük fərqlə uduzub.

İlkin məlumata görə, müxalifət lideri, Cümhuriyyətçi Türk Partiyasının (CTP) lideri Tufan Erhürman 62,76% səslə ilk turda qalib gəlib. Ersin Tatar cəmi 35,80% səs alıb.

Tatarın sarsıdıcı məğlubiyyəti əsasən 2 səbəblə əlaqələndirilir: birincisi, onun uğursuz idarəçiliyi; ikincisi isə Türkiyənin Kıbrısın daxili işlərinə kobud müdaxilələrindən və yerli xalqa hörmətsiz münasibətindən əhalinin bezməsi və seçki qutusunda buna reaksiyasını göstərməsi.

E.Tatar ötən müddət ərzində özünü Kıbrıs türk xalqının lideri kimi yox, Türkiyədəki Cumhur İttifaqının – AKP və MHP-nin nümayəndəsi kimi aparıb. O, Türkiyə mafiya qruplaşmalarının Kıbrısı qumarxana, fahişəxana cənnətinə və çirkli pulların yuyulduğu kriminal mərkəzə çevirməsinə mane ola bilməyib. (Türkiyənin bəzi yüksək vəzifəli şəxslərinin və onların ailə üzvlərinin qarışdığı Halil Falyalı qalmaqalı var ki, heç danışılası deyil).

Maraqlıdır ki, Tatar müstəqillik tərəfdarı olduğu hada, rəqibi Erhürman federativ çözümün, yəni yunanlar (rumlar) və türklərin bərabər hüquqlara malik olacağı vahid dövlətin tərəfdarı kimi çıxış edirdi. Tatar və Türkiyədə onu dəstəkləyən çevrələr bu səbəbdən Erhürmanı az qala xain kimi təqdim etdilər və Kıbrıs xalqını “ya müstəqillik, ya da köləlik” dilemması qarşısında qoymağa çalşdılar. Lakin göründüyü kim, xalq bu təbiğata aldanmadı. Xatırlatmaq yerinə düşər ki, vahid dövlətin yaradılmasını nəzərdə tutan Kofi Annan planı ilə bağlı 2004-cü ildə keçirilən referendumda türklər lehinə səs verdiyi halda, rumlar əleyhinə çıxmış və nəticədə plan rədd edilmişdi. O vaxt Ərdoğan hökuməti də Annan planını dəstəkləmişdi.

Ersin Tatar o qədər toksik fiqura çevrilmişdi ki, Kıbrıs türklərinin iki əfsanəvi lideri – Rauf Denktaş və doktor Fazıl Küçükün (1960-63-cü ilərdə mövcud olmuş vahid Kipr dövlətinin vitse-prezidenti) ailələri bu seçkidə Tufan Erhürmanı müdafiə etdilər.

Əlbəttə ki, Erhürmanın seçilməsi rumlar və türklərin vahid federativ dövlətdə birləşəcəyi anlamına gəlmir. Əvvəla, rum kəsiminin və Yunanıstanın federasiya təsəvvürü türklərin bərabərhüquqlu qurucu element deyil, milli azlıq statusuna malik olacağı bir dövlət modelindən ibarətdir ki, bunu Kıbrıs hökuməti də, Türkiyə də qəbul etməz. İkincisi, KKTC xarici siyasət, maliyyə, təhlükəsizlik sahələrində Türkiyədən asılıdır və adanın gələcəyi ilə bağlı məsələdə Ankaranın iradəsi xaricində hərəkət etməsi çox çətindir, hətta qeyri-mümkündür.

Şahin CƏFƏRLİ

Politoloq

AzPost.az

Seçilən
135
azpost.info

1Mənbələr