Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) bu gün keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının (CTP) baş katibi Tufan Erhürman liderlik edir.
AZƏRTAC ŞKTC-nin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Bertan Özərdağa istinadla xəbər verir ki, 777 seçki məntəqəsindən 753-də səslər sayıldıqdan sonra Tufan Erhürmanın namizədliyinin seçicilərin 62,8 faizi tərəfindən dəstəkləndiyi məlum olub.
Hazırkı dövlət başçısı Ersin Tatar isə 35,77 faiz səslə ikinci yerdə qərarlaşıb.
“İlkin nəticələrə əsasən, ŞKTC-nin altıncı Prezidenti Tufan Erhürmandır”, – deyə MSK sədri bəyan edib.
ŞKTC-nin Konstitusiyasına əsasən, seçkilərin birinci turunda qalib gəlmək üçün namizəd sadə səs çoxluğu, yəni 50 faizdən artıq səs toplamalıdır.