Xəbər verdiyimiz kimi, Şimali Kiprdə Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman prezident seçkilərində inamlı qələbə qazanaraq ölkənin beşinci prezidenti olub.
“Cebheinfo.az” xəbər verir ki, 1970-ci ilin 11 sentyabrında Lefkoşada anadan olan Tufan Erhürman Ankara Universitetinin Hüquq fakültəsini bitirib.
Daha sonra elmi fəaliyyətini davam etdirərək doktorluq dərəcəsi alıb.
Uzun illər Ankara, Hacettepe və Orta Doğu Texniki Universitetlərində dərs deyən Erhürman, həm də Türkiyə Ədliyyə Nazirliyində çalışaraq Ombudsman sisteminin qurulmasında iştirak edib.
Onun üçün “hakimiyyətin hesabatlı olması” anlayışı sadəcə akademik ideya deyil, siyasi dəyərlərin əsası kimi formalaşıb.
2008–2010-cu illərdə Şimali Kipr prezidentinin danışıqlar heyətində yer alması isə onun diplomatik təcrübəsini daha da gücləndirib.
Tufan Erhürman 2013-cü ildə parlamentə deputat seçildikdən sonra siyasi səhnədə yüksəlişini sürətləndirib.
2016-cı ildə CTP-nin başqanı, 2018-ci ildə ölkənin baş naziri kimi dördpartiyalı koalisiyanın rəhbəri olub.
Tufan Erhürmanın lider obrazı klassik siyasətçi modelindən fərqlənir. O, sərt ritorika yerinə dialoq və konsensus dilini seçir.
“Cebheinfo.az”
 
                        