AZ

ABŞ vitse-prezidentinin korteji hərbi təlim zamanı mərmi qəlpələrinin altına düşüb

Kaliforniyada dəniz piyadalarının 250 illiyi münasibətilə keçirilən nümayişdə insident yaşanıb...

Poliqon xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Kemp-Pendlton hərbi bazasında dəniz piyadalarının 250 illik yubileyinə həsr olunmuş təlimlər zamanı mərmi partlayışı baş verib. The Daily Beast nəşrinin məlumatına görə, hadisə nəticəsində vitse-prezidentin kortejinin mühafizə motosikleti və yol patrul avtomobili qəlpə zərbələrindən zədələnib.

İlkin araşdırmaya əsasən, M777 tipli haubitsadan atılan 155 millimetrlik mərmilərdən biri vaxtından əvvəl detonasiya edib və Los-Anceleslə San Dieqonu birləşdirən Interstate 5 magistralı üzərində partlayıb. Nəticədə yaxınlıqda hərəkət edən nəqliyyat vasitələrinə zərər dəyib. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, insident tədbir iştirakçıları arasında böyük təşviş yaradıb.

Kaliforniya yol patrulunun rəhbəri Toni Koronado bildirib ki, “aktiv magistral üzərində partlayıcı sursatlardan istifadə olunan təlimlərin keçirilməsi son dərəcə nadir haldır”. Tədbir başlamazdan əvvəl magistralın həmin hissəsi müvəqqəti bağlanmış, bu isə sürücülərin narazılığına səbəb olmuşdu.

Təlim proqramına artilleriya atəşi, paraşütçülərin nümayiş tullanışları, F-35 qırıcılarının uçuşu və “dəniz pişikləri”nin (Navy SEALs) desant əməliyyatı daxil idi. Vitse-prezident hadisə yerində olub və sonradan jurnalistlərə açıqlamasında “təlimin dəniz piyadalarının qüdrətini və sarsılmaz ruhunu nümayiş etdirdiyini” bildirib.

Lakin hadisə Demokrat Partiyası nümayəndələrinin kəskin tənqidləri ilə qarşılanıb. Kaliforniya qubernatoru Qevin Nyusom bu atışmaları “absurd güc nümayişi” adlandıraraq X (Twitter) sosial platformasında yazıb: “Donald Tramp və Cey Di Vens insanların həyatını riskə ataraq şou düzəldirlər.”

Hadisədən dərhal sonra Dəniz Piyadaları Korpusu bütün atışmaları dayandırıb və daxili istintaqa başlayıb. Birinci ekspedisiya briqadasının rəsmi açıqlamasında qeyd olunub ki, “bütün əməliyyatlar təhlükəsizlik baxımından qiymətləndirilib” və hazırda mərminin vaxtından əvvəl partlamasının dəqiq səbəbləri araşdırılır.

Tramp administrasiyası isə bu tip təlimlərin “rutin hərbi praktika” olduğunu bildirir, lakin ordu nümayəndələri daha əvvəl belə atışmaların sıx hərəkətli magistrallar üzərində keçirilib-keçirilmədiyini açıqlamayıblar.

Poliqon.info

Seçilən
126
poliqon.info

1Mənbələr