AZ

Azərbaycanda “Uşaq Hüquqları Aylığı”nın elan edilib – Ombudsmanın müracəti

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət yayımlayıb.

TurkicWorld xəbər verir ki, müraciətdə bildirilib:

"Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir".

Ombudsman vatırladıb ki, 1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu "Uşaq hüquqları haqqında" Konvensiya (UHK) uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir:

"Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ hüquqi baza və institusional struktur formalaşdırılır.

UHK-nın əsas prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir".

Ə.Əliyeva vurğulayıb ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır:

"Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etməklə uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaradıb, bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir".

O vurğulayıb ki, uşaq hüquqlarının qorunması və təşviqi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir:

"Ənənəvi olaraq, Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri ölkədə "Uşaq Hüquqları Aylığı" elan edilir. İnanıram ki, aylıq çərçivəsində hər bir təşəbbüs uşaqların hüquqlarının daha səmərəli müdafiəsinin təmininə töhfə verəcək.

Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir".

S.Əliyeva bütün dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları "Uşaq Hüquqları Aylığı"na fəal şəkildə qoşulmağa, uşaqların konstitusion hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməyə dəvət edib.

Seçilən
25
25
turkic.world

10Mənbələr