AZ

Mehdiyevin həqiqi qurbanları niyə susub? KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ramiz Mehdiyev barəsində verilmiş həbs qərarı təkcə hüquqi addım deyil, həm də cəmiyyətimizin hüquqi şüurunu və mənəvi durumunu qiymətləndirmək üçün mühüm hadisədir. Uzun illərdir ki, ictimai rəy Ramiz Mehdiyevə qarşı mənfi mövqedə olub və dövlətin bu gün atdığı addım cəmiyyətin istəyi ilə üst-üstə düşür. Təbii ki, onun həbsi ilə bağlı qərar “xalqın nifrəti” üzərində qurulmayıb və bu qərarın hüquqi əsası emosional rəydə deyil. Qanunvericilik xalqın simpatiyasına və ya antipatiyasına görə deyil, konkret cinayət tərkibli əməllərə görə məsuliyyət nəzərdə tutur.

Texniki agenturanın kuratoru…

Rusiyanın Azərbaycandakı agentura-təsir infrastrukturu çoxqatlı sistemdir və bu sistemi şərti olaraq iki əsas istiqamətdə təsnif etmək mümkündür:

– Tarixi köklərə malik, nəsillər və ailə xətləri üzərində formalaşmış, 300 illik ənənəyə söykənən agentura şəbəkəsi

– Siyasi elita daxilində yerləşdirilmiş agentura qruplarını koordinasiya edən kurator mexanizmi

Məsələnin hüquqi tərəfi ilə dövlət məşğul olur, bu, bizim işimiz deyil.

Lakin Ramiz Mehdiyevin həbsinin mənəvi müstəvidəki müşahidəsi daha dəhşətli və düşündürücüdür. Ramiz Mehdiyevlə illərlə eyni komandada çalışmış, onun razılığı, rəyi ilə vəzifə və imtiyazlar qazanmış şəxslərin davranışlarını təhlil edirəm. Dünənə qədər onunla bir masa arxasında oturan sabiq məmurlar və parlament üzvləri indi fərqli tonla danışmağa başlayıblar.

Hamı sanki növbəyə düzülüb – hər kəs özünü “Ramiz Mehdiyevin qurbanı” kimi təqdim edir, efirlərə çıxıb ondan çəkdiyi “əzabları” sadalayır: Ramiz Mehdiyev mənim yolumu kəsirdi, inkişaf etməyə imkan vermirdi və s. Əgər belə idisə, onda sual yaranır – bəs bu qədər sərvəti, mal-mülkü, imkanları necə əldə etmisiniz? İllərlə yüksək vəzifələrdə necə qalmısınız? Təkcə özünüz yox, övladlarınız bu mövqelərə necə gətirilib? Ortaq olmusunuz! Ramiz Mehdiyevin həqiqi qurbanları isə ya danışmır, ya da…

Məsuliyyətdən yayınma yarışı…

Əslində indi müşahidə olunan mənzərə bir növ məsuliyyətdən yayınma yarışına çevrilib. Hamı öz keçmişini təmizləməyə çalışır.

Məsələn, Misir Mərdanov!

Ölkənin siyasi konyukturasının keçmişini yaxından bilənlər təsdiqləyə bilər ki, 1990-2000-ci illərdə YAP-la Ramiz Mehdiyev arasında münasibətlər heç vaxt səmimi olmayıb. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışında mühüm rol oynayan “91-lər” hərəkatının üzvləri Ramiz Mehdiyevi qəbul etmirdilər. Bu səbəbdən onların favoritləri hesab olunan Sirus Təbrizli, Əli Nağıyev, Əli İnsanov və Fərəməz Maqsudov və digər bu kimi şəxslərin siyasi səhnədən uzaqlaşdırılmasında Ramiz Mehdiyevin kardinal rolu olub.

Həmin dövrdə nazirliklərin böyük qismi Ramiz Mehdiyevlə hesablaşmırdı. Bu savaşın minlərlə sıravi insanın və yüzlərlə alim və akademikin taleyinə ağır təsiri olmuşdu.

Teymur Mehdiyevin toyunda iştirak edən 3 nazirdən biri…

Amma Təhsil naziri Misir Mərdanov Ramiz Mehdiyevi seçmişdi. Hətta keçmiş PA rəhbərinin oğlu Teymur Mehdiyevin toyuna gedən 3 nazirdən (Ramil Usubov, Əbülfəs Qarayev və Misir Mərdanov) biri idi. Dəvətə baxmayaraq, digər heç bir nazir bu toyda iştirak etməmişdi. Ramiz Mehdiyevin nəvəsinin toyuna getməməyinə baxmayın, M.Mərdanov ayıq adamdır. Ramiz Mehdiyevin xilası mümkün deyildi, ona görə…

Mərdanovun öz vicdanı ilə dialoqu…

Bu gün isə Misir Mərdanovun Ramiz Mehdiyevə ünvanladığı “Axı sənin nəyin çatmırdı, niyə belə elədin?” – sualı ilk baxışda Dədə Qorqud nəsihəti kimi səslənsə də, əslində özünü məsuliyyətdən kənar saxlamağa çalışan psixoloji müdafiə mexanizmini əks etdirir. O, sanki belə demək istəyir: “Biz eyni imkanlara sahib idik. Mən illərlə təhsil sisteminin başında durub sərvət topladım, yüzlərlə mənzilim, obyektim var, indi elm institutuna rəhbərlik edirəm, vaxtında getdim və sakit yaşayıram. Sən də mənim kimi davranardınsa, bu vəziyyətə düşməzdin…”. Əslində bu yanaşma keçmiş elitanın ən ağıllı məmurlarının öz vicdanı ilə dialoqudur – hər kəs öz mövqeyini qorumağa çalışır.

Heç şübhəsiz, Ramiz Mehdiyevə “niyə belə etdin?” sualını Artur Rəsizadə versəydi, daha səmimi görənirdi.

Ana Vətən Partiyasının adından Ramiz Mehdiyevə ünvanlanan təbrik məktubu də üzə çıxıb. Bu, təşkilatlarası yazışma, etik qayda da hesab oluna bilər. Vaxtilə Fəzail Ağamalını ən çox tənqid edən adamlardan olmuşam, amma gördüyüm, şahidi olduğum bir həqiqəti də deməliyəm. 2011-ci ildə Fəzail Ağamalı keçmiş Baş prokuror Zakir Qaralova zəng edərək Ramiz Mehdiyev haqqında ən pis ifadələri işlətdi. O, Baş prokurora Ramiz Mehdiyevin dövlət içində dövlət qurduğunu, xain olduğunu qışqıra-qışqıra deyirdi. Ramiz Mehdiyevin tapşırığı ilə Fəzail Ağamalıya və qohumlarına qarşı proses başlamışdı. Mən Fəzail Ağamalıya dedim ki, Ramiz Mehdiyev sənə daha çox pislik edəcək, gərək söyməzdin. O yenidən başqa bir adama zəng edərək sərt sözlər dedi və dediklərinin Ramiz Mehdiyevə çatdırılmasını tələb etdi.

Eləcə də Alqış Musayev Ramiz Mehdiyevin əleyhinə danışmağa mənəvi və hüquqi haqqı olan adamlardan biridir. O, vaxtilə Ramiz Mehdiyev tərəfindən oğurlanan qohumu haqqında da danışsa, daha yaxşı olar.

Müəllif: Samir Feyruzov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
5
konkret.az

6Mənbələr