AZ

Heyvan bazarlarının bağlanması qıtlığa və ətin bahalaşmasına səbəb olacaq - İqtisadçıdan AÇIQLAMA

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.

Heyvan bazarlarının bağlanması kənd təsərrüfatı sektoruna, xüsusilə də kiçik fermer təsərrüfatlarına hansı iqtisadi zərərləri vura bilər?

Redaktor.az
-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, heyvan bazaralarının bağlanması multiplikativ xarakter daşıyır. Onun sözlərinə görə, xəstəliyin yayılması və bunun qarşısının alınması məqsədi ilə bazarların bağlanması təkcə kənd təsərrüfatı baxımından deyil, iqtisadi baxımdan da təsərrüfat sahibləri üçün zərərlidir:

"İlk növbədə onu qeyd edim ki, heyvandarlıqla məşğul olan şəxslərin əksəriyyəti üçün bu, yeganə gəlir mənbəyidir. Həftə sonları bazara çıxarılıb satılan heyvanlar hesabına əldə olunan gəlirlə onlar öz ehtiyaclarını qarşılayır, digər heyvanlar üçün yem vasitələri və dərman preparatları alırdılar. Bazarların bağlanması isə onlar üçün acınacaqlı vəziyyət yaratdı. Kiçik təsərrüfat sahibləri üçün vəziyyət daha da çətinləşdi. Belə ki, orta və böyük təsərrüfat sahibləri razılaşma əsasında restoran, kafe, dönərxana və supermarketlərə topdan satış edə bilirlər, amma kiçik sahibkarlarda bu imkan yoxdur. Məsələnin digər iqtisadi tərəfi ondan ibarətdir ki, həftə sonu heyvanını bazara çıxarıb satan, ayın sonunda kreditini ödəyən və ya kredit götürüb təsərrüfatını böyütmək istəyən insanlar da var. Bu isə o deməkdir ki, ödənişlərin gecikməsi problemli kreditlərin sayının artmasına və ümumilikdə kredit portfelinə mənfi təsir göstərəcək".

Müsahibimizin fikrincə, indi satılmayan heyvanların saxlanması əlavə yem xərcini artırır.

"Bundan əlavə, bu sahə ilə dolayısı ilə əlaqəli olan digər işlərə də təsir edir. Məsələn, heyvan daşıma ilə məşğul olan nəqliyyat xidmətləri, bazarda həftə sonu yemək, su, çay satışı ilə ailəsini dolandıran şəxslərin də gəliri azalacaq. Bəzi kənd təsərrüfatı ekspertləri ətin qiymətinin enəcəyini iddia etsələr də, bu fikirlə razı deyiləm. Azərbaycan iqtisadiyyatında ət həmişə yüksək tələbat olan məhsul olub. Hətta düşünürəm ki, xəstəlik qıtlığa səbəb olacaq və nəticədə qiymətlər yüksələcək. Məsələnin ümumi çıxış yoluna gəldikdə isə, subsidiya və ya yem şəklində kompensasiya ilə bu vəziyyəti yüngülləşdirmək olar", - deyə Günay Hüseynova əlavə etdi.

Xədicə BAXIŞLI

Seçilən
23
1
redaktor.az

2Mənbələr