AZ

Ukraynada 1994 cü ilin Qarabağ modeli ? (ŞƏRH)

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"Görünən odur ki, Trampın strategiyası hər iki tərəfi kompromislərə vadar ermək və təmas xətti üzrə müharibənin dayandırılmasına nail olmaqdan ibarətdir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon və Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsən görüşündən sonra Moskva ilə razılaşmadan imtina edəcəyi halda Ukraynanın məhv ediləcəyi barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert bildirib ki, Trampın növqeyi həmişə belə olub:

"Bir tərəfdən Rusiyaya mesaj verir ki, sülh sazişi imzalanmasa, Ukraynaya hərbi dəstək verəcək. Digər tərəfdən, Kiyevə də təzyiq edir ki, sazişə getməsə, ona münasibətdə də yardımları dayandıracaq. Yəni əslində strategiya hər iki tərəfi kompromislərə gətirmək və təmas xətti üzrə müharibəni dayandırmağa çalışmaqdan ibarətdir"

Həmsöhbətimizə görə, Trampın bu sayaq təklifi Azərbaycanla Ermənistan arasında 1994-cü ilin atəşkəs sazişini xatırladır:

"Ukrayna istəyir ki, Rusiya işğal etdiyi ərazilərdən tam olaraq çıxsın. Kreml isə işğal etdiyi ərazilərə özünün tərkib hissəsi kimi baxmaqda davam edir. Tramp isə bu iki fərqli mövqelər fonunda təmas xəttində müharibənin dayandırılması və ondan sonra sülh prosesi üzrə danışıqlara başlanılmasını təklif edir. Bu isə faktiki olaraq 1994-cü ilin Qarabağ modelidir. Proses bu istiqamətdə gedir. Lakin hələlik tərəflərdən heç biri ABŞ-ın təklifinə razı deyil. Bəlkə də Kiyev təklifə razılıq verəcək. Amma Rusiya müharibəni davam etdirməkdə maraqlıdır".

Ekspert düşünür ki, tərəflər razılıq verməsələr də belə Trampın mövqeyində heç bir dəyişiklik olmayacaq: 

"O, fəaliyyətini elə bu formada da davam etdirəcək. Hesab etmirəm ki, Amerika yaxın zamanlarda tərəflərdən hansısa birinin tərəfinə keçsin. Bu olmayacaq. Sadəcə olaraq, Amerika müxtəlif vasitələrlə tərəfləri bir araya gətirmək siyasəti aparmaqda davam edəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp cümə günü keçirilən gərgin görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərərək Rusiyaya bir sıra əraziləri güzəştə getməyi tələb edib. "Reuters"in məlumatına görə, Tramp bildirib ki, Rusiya ilə razılaşmadan imtina edəcəyi halda Ukrayna məhv ediləcək. Məlumata görə, danışıqlar Ukrayna nümayəndə heyətində məyusluq yaradıb. 

Nəşrin qeyd etdiyinə görə, cümə günü baş tutan görüş Trampın yenidən mümkün qədər tez bir razılaşmaya nail olmağa çalışdığını göstərir, hətta bu, Kiyev üçün əlverişsiz şərtlərlə olsa belə. Mənbələrdən birinin sözlərinə görə, ABŞ rəsmiləri cümə günü Zelenskiyə məhz bu cür mübadilə planını təklif ediblər. Eyni zamanda nəşrə danışan mənbələrdən biri bildirib ki, Zelenski Moskvaya könüllü şəkildə heç bir ərazini güzəştə getməyəcəyini bəyan etdikdən sonra Tramp cəbhə xətti boyunca atəşkəs təklifi irəli sürüb. 

Mənbənin sözlərinə görə, görüş Trampın mövcud vəziyyət üzrə, yəni təmas xətti boyunca razılaşma bağlamaq qərarı ilə başa çatıb. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr