AZ

Vatikanın tənqid etdiyi yazıçı - Elfrida Yelinek Nobel mükafatı alandan sonra niyə kədərlənmişdi?

1975-ci ildə çapdan çıxan və vətənpərvər Avstriya romanına marksist-feminist parodiya olan "Sevgililər" romanı Yelinekin simasında milli ədəbiyyata güclü və orijinal yazıçının gəldiyini göstərdi.

"Bağlı qapı arxasında" (1980) adlı növbəti əsərində Yelinek Avstriya cəmiyyətinin ciddi çətinliklərindən birini — yaxşı ailələrdə böyüyən "pis uşaqlar" problemini gündəliyə çıxarmışdı. Artıq onun yaradıcılığında milli varlığın və mentalitetin tənqidi yüksələn xəttlə davam edirdi.

Elfrida Yelinekin "Pianoçu" (1983) və "Şəhvət" (1989) romanlarında qadına münasibətdə seksual zorakılıq problemi işıqlandırılmışdı. Xüsusilə "Pianoçu"da müəllifin şəxsi həyatı ilə bağlı motivlər qabarıq şəkildə əks olunmuşdu.

Hər iki roman Avstriya cəmiyyətində ciddi əks-səda doğurmuş və geniş polemikalara səbəb olmuşdu. "Pianoçu"nun motivləri əsasında tanınmış Avsrtiya rejissoru Mixael Xanakenin çəkdiyi eyni adlı radikal səciyyəli film bir sıra yüksək mükafatlar qazanmışdır.

Yaradıcılığı, insanlara və hadisələrə münasibəti baxımından Elfrida Yelinek kifayət qədər ziddiyyətli yazıçıdır. Məhz bu səbəbdən də, Avstriyanın ədəbi elitası arasında onun əsərlərini az qala bədiilik etalonu səviyyəsinə qaldıranlar olduğu kimi, adi və bayağı pornoqrafiyadan fərqləndirməyənlər də yox deyildir.

Vatikan onu "absolyut nihilizmin" bayraqdarı hesab edir və onu "söz yaradıcılığında" ədəbsizliyi yaydığına görə kəskin tənqid edir.

Yelinekin səhnə əsərləri də ölkəsində populyardır. "Klara Ş." (1982), "Ehtiras, yaxud yol açıqdır" (1986), "Bulud. Ev" (1988), "Düşərgə, yaxud bu işlə hamı məşğul olur" (1994), "İdman" (1998), "O, özü olduğu kimi deyil" (2000) pyesləri ölkənin ən yaxşı teatrlarda tamaşaya qoyulub.

1998-ci ildə Zalsburqda keçirilən ümumdünya teatr festivalının bütün repertuarı başdan-başa Elfrida Yelinekin əsərlərindən tərtib edilmişdi. Həmin il o, Avstriyanın ən nüfuzlu ədəbi mükafatı sayılan Büxner ödülünə layiq görülmüşdü.

2004-cü ildə Elfrida Yelinek "yalnız bu müəllifə xas ehtiraslı dillə cəmiyyət həyatındakı cəfəng meylləri və hakimiyyətin sosial klişelərini ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə" Nobel mükafatı almışdı. Müəllif təqdimat mərasimində iştirak etməmişdi. Nobel mühazirəsini isə İsveç Akademiyasına videogörüntü şəklində göndərmişdi.

Yelinek məhz özünün seçildiyi üçün çox sevindiyini, lakin ədəbiyyat Nobelinin populyarlığını daha da artırmasından və ictimai şəxsiyyətə çevirməsindən kədərləndirdiyini bildirib.

İsveç Akademiyasının bu seçimi də mübahisəsiz ötüşməmişdi. Akademiyanın üzvü Knut Ahnlund həmkarlarının qərarına qəti etirazını bildirərək Elfrida Yelinekin yazdıqlarının ədəbiyyat deyil, ictimai pornoqrafiya, bədiilikdən məhrum sistemsiz söz yığını olduğunu iddia edib.

Mükafatla bağlı qərar qəbul olunandan sonra Ahnlund bu addımın "yalnız mütərəqqi qüvvələrə deyil, bütünlükdə ədəbiyyat və sənət anlayışına sağalmaz yara vurduğunu" bildirərək İsveç Akademiyası üzvlüyündən istefa verdiyini açıqlamışdı.

Seçilən
12
5
kulis.az

6Mənbələr