AZ

Tərtərdə “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı olub

Tərtər, 20 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

20 Oktyabr - Beynəlxalq Kulinariya Günündə Tərtərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi ilə Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı olub. Təddimat mərasimində alim və mütəxəsislər, ictimai xadimlər, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının sədri və üzvləri, rayonun ziyalıları, Qarabağ Regional Məşğulluq Mərkəzinin aşpazlıq kurslarının müdavimləri, Tərtər və Bərdə Peşə məktəblərinin müəllim və şagirdləri olmaqla, ümumilikdə, 240 nəfər iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Mədəniyyət Mərkəzinin foyesində Tərtər rayonu ərazisində məskunlaşmış Qərbi Azərbaycan əhalisindən toplanmış mətbəx nümunələrinin etno-kulinar sərgisi nümayiş olunub.

Tədbirdə Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Qərbi Azərbaycan mətbəxi əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən zəngin irsdir. Bu yeməklər təkcə süfrəmizdə yer alan təamlar deyil, həm də yaddaşımızda yaşayan tarixdir. “XIX əsr İrəvan mətbəxi” kitabı təkcə qədim bölgənin yeməkləri haqqında deyil, həm də həmin dövrün yaşam tərzi, adət-ənənələri, qonaqpərvərlik mədəniyyəti və mənəvi dəyərləri haqqında dərin bilgilər verir. İrəvan bölgəsi tarix boyu Qərbi Azərbaycanın ən zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Orada formalaşan mətbəx məktəbi, yeməklərin bişirilmə üsulları, süfrə mədəniyyəti və yerli məhsullardan yaradılan ləziz təamlar əsrlər boyu xalqımızın ümumi kulinariya xəzinəsinə dəyərli töhfələr verib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Tahir Əmiraslanov bildirib ki, mətbəx nümunələri 1884-cü ildə İrəvanda doğulmuş, 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi olmuş usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilib. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minaturlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitab həm alimlər, həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir. “XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, kitabın həmmüəllifi, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Aynurə Əmiraslanova, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının müdiri professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı dosent Mehman İsmayılov, Qida mühəndisliyi və ekspertizası kafedrasının dosenti Mərdan Tağıyev, Turizm sənayesinin təşkili kafedrasının baş müəllimi Füzuli Musayev, Gəncə Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, entoqraf Nurlana Həmzəyeva, Milli Məclisin deputatı Sahib Alıyev çıxış ediblər.

Sonda kitabın imzalanma mərasimi keçirilib, bir qrup sərgi iştirakçısı sertifikatla mükafatlandırılıb.

 

Seçilən
28
4
azertag.az

5Mənbələr