Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-ci ilin əvvəlinə qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tamamilə dayandırılması planını dəstəkləyib.
Busaat.az xəbər verir ki, Aİ Şurası Lüksemburqda keçirilən iclasda üzv ölkələrin energetika nazirlərinin Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensusa gəldiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, üzv dövlətlər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara dair mövqelərini açıqlayıblar.
Açıqlamada vurğulanıb ki, təklif edilən tənzimləmə Rusiyadan enerji asılılığına son qoymaq üçün hazırlanan plana uyğundur: “Təklif edilən tənzimləmə Rusiyadan boru kəməri qazı və LNG idxalına hüquqi cəhətdən məcburi mərhələli qadağa tətbiq edir” dedi. Bunun bir hissəsi olaraq 2028-ci il yanvarın 1-dən Rusiya qazına tam qadağa tətbiq ediləcək”.
Açıqlamada bildirilib ki, plana əsasən, Rusiyadan qaz idxalı 2026-cı il yanvarın 1-dən yeni müqavilələr, 17 iyun 2026-cı il tarixindən etibarən mövcud qısamüddətli müqavilələr və 1 yanvar 2028-ci ildən başlayaraq uzunmüddətli müqavilələr üzrə mərhələli şəkildə dayandırılacaq.
Bəyanatda qeyd olunub ki, mövcud müqavilələrdə yalnız məhdud dəyişikliklərə icazə veriləcək və təchizatla bağlı çətinliklərlə üzləşə biləcək dənizə çıxışı olmayan Aİ ölkələrinə müəyyən çeviklik təklif olunacaq.
Təklif olunan qanun Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
2021-ci ilə qədər Aİ təbii qazın 45 faizini Rusiyadan alırdı. Ötən il Aİ-nin Rusiyadan qaz idxalı 19 faizə düşüb.
Bir çox Aİ ölkələri Rusiyadan LNG və boru kəməri qazı almağa davam edir.
Yeganə